
"Zaman və şərait uyğun gələndə Amerika münaqişəyə öz müdaxiləsini edəcək".
Bu sözləri Qaynar.info-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə cəbhədə baş verən son qarşıdurmada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən yalnız Rusiyanın aktiv müdaxiləsinə münasibət bildirərkən deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiya bölgədə kifayət qədər nüfuz sahibidir: "Münaqişənin bilavasitə tənzimlənməsində Amerikanın da rolu olmalıdır. Amerika çox gözəl anlayır ki, bu münaqişəni idarə edən Rusiyadı. ABŞ hələ seyirçi qismində gözləyir ki, Rusiya öz mövqeyini sərgiləsin. Zaman və şərait uyğun gələndə, Amerika müdaxilə edəcək. Amma hələlik bu hadisələrdə Rusiya da, Fransa da, Amerika da işğalçı Ermənistanın tərəfində dayanır. Adları həmsədr olsa da, əslində onlar Azərbaycana qarşıdır.
Bu prosesdə Azərbaycan üçün müsbət tərəf dövlətin daxili siyasəti ola bilər. Azərbaycan hökuməti münaqişəni həll etmək üçün mümkün olan işlərin hamsını görmür. Odur ki, bizim kənar qüvvələrdən və başqa dövlətlərdən nə isə ummağa haqqımız yoxdur. Özümüz vətən naminə bütün işləri görməliyik. Bundan sonra kimdənsə nəsə gözləmək olar".
Politoloq qeyd edir ki, əslində son münaqişədə Ermənistan tək qaldı: "Bu qarşıdurmada Azərbaycana xeyli dəstək də oldu. Türkiyə, Pakistan, Belarus, Qazaxıstan açıq formada öz dəstəklərini nümayiş etdirdi. Əslində son münaqişədə Ermənistan tək qaldı. Təkcə Cənubi Kiprdən başqa heç kəs açıq şəkildə onu müdafiə etmədi. Bu da onların əsas böyük məğlubiyyətidir. Ermənistana aydın oldu ki, onların işğalçı siyasətini heç kəs müdafiə etmir".
Qafqaz Rafiqoğlu
Qaynar.info