Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 70 yaşı tamam olub.
Sədr Qaynarinfo-ya 70 illik yubileyi ilə bağlı arzularını açıqlayıb:
"Hər zaman olduğu kimi, dövlətimizə zaval gəlməsin, bayrağımız daim dalğalansın, vətəndaşlarımız normal vəziyyətdə yaşasınlar. Şəhidlərimizin ruhunu şad edək, inşallah. Qazilərimizə can sağlığı diləyək və onların normal yaşamasını təmin edək. Bütün dostlara, insanlara, millətimizin nümayəndələrinə uzun ömür, can sağlığı arzulayıram. Azərbaycan problemsiz olsun. Bütün arzular çin olsun, insanlar layiq olduqları tərzdə yaşasınlar”.
Mirmahmud Mirəlioğlu şərəfli bir ömür yaşadığını vurğulayıb:
“Bizim ömrümüz belə keçdi. Şükür Allahın böyüklüyünə. Allah şərəfli bir ömür nəsib etdi, qədrini bilmədim. Bunu özümə aid edirəm. Bundan sonra da özümə şərəfli ölüm, şəhadət arzu edirəm. Allah şəhadətə çatdırsın. Abırla, ağılla, imanla aparsın bu dünyadan. Hamıya təşəkkür edirəm”.
Yubilyar Azərbaycanın bütöv olacağına inandığını bildirib:
“İnanıram, Azərbaycan üçün çalışan insanlar arzularına çatacaqlar. Bütöv Azərbaycan vətəndaşı olacağıq. Mütləq olacaq. Mən bunu görməsəm də, ruhum biləcək. Çox yaşadım, deyəsən. Bütün bu baş verənlərlə, qəm dəryası ilə... Atamdan da, liderimdən də 7 il çox yaşadım. Şükür Allahın verdiyi ömürə. Nə arzulayıb, nəyin uğrunda mübarizə apardıqsa, Allah onu bizə nəsib elədi. Dedik ki, bizim media nümayəndələrimiz Qarabağın işğaldan azad olunması ilə bağlı reportaj yayımlasınlar, Allah onu bizə qismət elədi. Ordumuzun müzəffər, əsgərimizin qalib olduğunu da gördük. Allah şəhidlərimizin ruhunu şad eləsin. Biz də əməllərimizlə onların ruhunu şad edək".
Bahar Rüstəmli
Şərhlər