
Gəncə Dövlət Universitetində Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibəti ilə ilk elmi seminar keçirilib
Elmi seminar Prezident İlham Əliyevin Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam rəhbər tutularaq təşkil olunub. Gəncə Dövlət Universitetinin Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi ilə birlikdə həyata keçirdiyi tədbirdə “Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırmasında” adlı monoqrafiya da yığıncaq iştirakçılarına təqdim olunub.
GDU-nun prorektoru Pərvin Kərimzadə elmi seminarı açıq elan edərək bildirib ki, Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi münasibəti ilə ali təhsil ocağında silsilə tədbirlər, gecələr, dəyirmi masa və seminarlar təşkil olunacaq.
“Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırmasında” adlı kitabın müəllifi, GDU-nun dossenti Nəzakət Əliyeva vurğulayıb ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.
Nəzakət Əliyeva qeyd edib ki, müəllifi olduğu 200 tirajla nəşr edilən “Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırmasında” adlı kitab Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərfindən nəşr edilib. Kitabda vaxtilə Mirzə Şəfi Vazehin Azərbaycan və fars dillərində yazdığı orijinal əsərlərini Bodoniştet adlı şəxsin tərfindən Almaniyaya aparılan əsərlərindən, qəzəl və rübailərindn söz açılır. Müəllif bildirib ki, alman ədibi Bodenştedtin vaxtilə Mirzə Şəfi Vazehin əsərlərini nəşr etdirib və kitablara olan marağı gördükdə əsərləri öz adına çıxıb.
Nəzakət Əliyeva deyir ki, “Mirzə Şəfi Vazeh Şərq-Qərb araşdırmasında” adlı kitabı qələmə alarkən Bodenştedtin “Şərqdə min bir gün” romanında Mirzə Şəfi Vazehin gözəl səs tembirinə malik olmasını və.s bu kimi xüsusiyyətlərini bir neçə dəfə qeyd etməklə vaxtilə Vazehin əsərlərini öz adına çıxmasını inkar etmiş olub. Alman ədibi Bodenştedtin 34 fəsildən ibarət olan “Şərqdə min bir gün” romanının 18 fəsli məhz Azərbaycan və Mirzə Şəfi Vazehlə bağlıdır. Nəzakət Əliyeva kitabına həmin 18 fəsli də əlavə edib.Müəllif gələcəkdə kitablarının sayının çoxaldılaraq kitabxanalara, ali təhsil ocaqlarına hədiyyə edəcəyini də bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, YAP Gəncə Təşkilatının nümayəndəsi İsmayıl İsmayılov isə şıxışlarında bildiriblər ki, doğrudan da adi bir xəttat, sonra isə Azərbaycan dili müəllimi olan Mirzə Şəfi Vazeh nə vaxtsa onun şerlərinin dünyanın ən yaxşı tərcüməçiləri və Avropa şairləri tərəfindən, demək olar ki, bütün dillərə çevriləcəyini, sözlərinə çoxlu bəstələr yazılacağını ağlına da gətirə bilməzdi. Bildirilib ki, Vazehin tənqid-satirik ruhda qələmə aldığı şerləri də var. Mirzə Şəfi Vazeh şerləri mövzu ve ideya məzmununa görə müxtəlif səciyye daşıyır. Onların mühüm bir hissəsi məhəbbət mövzusuna həsr olunub.
Qaynar.info








