Xəbər lenti

İdman 14:14 19.01.2023

MK fasilədə necə fəaliyyət göstərir? - “Hər yoldan keçəni…”

Türkiyədə təlim-məşq toplanışında olan klublarımız hazırlıqları yavaş-yavaş başa vurub vətənə qayıtmağa hazırlaşırlar. Hətta, onlardan bəziləri toplanışı bitirib və ölkəyə qayıdıb. Klublarla yanaşı AFFA-nın nəzdindəki Məşqçilər Komitəsinin (MK) üzvləri də fəaliyyətlərini davam etdirirlər. Komitədə yer alan təcrübəli məşqçilər də klubların hazırlıqlarını izləmək Türkiyəyə yollanıb.

MK-nın sədri Vaqif Sadıqov izlədikləri ilə bağlı təəssüratlarını Qaynarinfo-ya bölüşüb. Mütəxəssis hazırda səfəri davam etdirsə də, bir çox məlumatlara malik olduğunu bildirir. Sadıqov həm də MK-nın qarşıdakı planları haqda fikirlərini də söyləyib:

"Məşqçilər Komitəsi iki qrupa bölünərək, Antalyaya yollanmışdı. Ayın 11-dən 18-nə qədər bir qrup - Əsgər Abdullayev, Şahin Diniyev və Şakir Qəribov olmalı idi. Şahin Diniyev "Səbail”in baş məşqçisi postuna təyinat alandan sonra iki nümayəndəmiz - Əsgər Abdullayevlə Şakir Qəribov Antalyada idi. Mən, Ağasəlim Mircavadov və Yaşar Vahabzadə ayın 14-ü onlara qoşulduq, 21-nə qədər burada olacağıq. Demək olar bütün komandaları izləyib məlumatları götürmüşük. Çox xoşdur ki, klublar Antalyada yığışıblar və planlı şəkildə fəaliyyət göstərirlər. Bu da xoşdur ki, böyük futbolçu axını yoxdur və klublar "nöqtəli” transferlər həyata keçirirlər. Çox xoşdur ki, hər komandanın heyətində gənclərə şans yaradılır. Rəqiblər də güclüdür. Bəzən bütün oyunu izləyə bilmirdik. Yalnız birinci hissəyə baxıb, digər oyuna yola düşürdük. Bütün bu amilləri nəzərə alaraq inanıram ki, çempionatımızın üç və dördüncü dövrəsində bizi maraqlı oyunlar gözləyir. Hər komandaya uğurlar diləyirik. İnanıram ki, toplanışın bəhrəsini görəcəklər”.

Mütəxəssis bütün klubların fəal olduğunu bildirir:

"Fikrimcə, bütün klublar fəaldır. Elə-belə demədim ki, planlı şəkildə hazırlaşırlar. İnşallah çempionatın səviyyəsi artacaq. Kimisə xüsusi fərqləndirmək istəməzdim. Çünki hamı işinə ciddi yanaşır. "Kəpəz”in Qazaxıstan klubu ilə oyununa baxdıq. Çox gözəl qələbə qazandılar, oyunları da yaxşı alındı. Hər kluba bu sözləri aid etmək mümkündür. Düşünürəm ki, klublar düz yoldadır. Bu da istər-istəməz çempionata müsbət təsir edəcək. Rəqabət artacaq və bu, milliyə də təkan verəcək”.

Sadıqov "Qarabağ”ın hazırkı durumuna toxunub, yeni transferdən və zədəlilərdən danışıb:

"Qurban Qurbanov yeni transferə hər iki oyunda imkan verdi. Onu qarşıdakı oyunlara hazırlayır. Hiss olunur ki, keyfiyətli futbolçudur. Bəlkə də idman forması o səviyyədə deyil. Fikrimcə, Konfrans Liqasında "Gent”lə oyuna qədər formasını bərpa edəcək. Düzdür, zədəlilər çoxdur. Ancaq həmişə "Qarabağ”dan danışanda deyirik ki, komanda ruhu var və bu çox önəmlidir. Fərqi yoxdur hansı futbolçular oynayacaq, "Qarabağ” həmişə "Qarabağ” olub. Komanda öz oyunu ilə müsbət nəticələr əldə edib. İnanıram ki, bu dəfə də belə olacaq. Onlara gələcək oyunlarda uğurlar arzulayaq”.

Bildiyiniz kimi, Şahin Diniyevin "Səbail”lə baş məşqçi təyinatından sonra Məşqçilər Komitəsində bir yer boşalmışdı. Sadıqov həmin yerə Yaşar Vahabzadənin təyin olunduğunu deyib:

"Şahin müəllimin yerini Yaşar Vahabzadə doldurdu. Biz - 5 nəfər fəaliyyətimizi davam etdiririk. Əsasnaməyə görə, Məşqçilər Komitəsinin üzvlərinin sayı 5 nəfərdən çox olmamalıdır. Ona görə də boş olan yerə Yaşar müəllim qayıdıb”.

Keçmiş futbolçu digər klubların hazırlıqları ilə bağlı düşüncələrini bölüşüb:

"Öncədən bunu bildirmişəm. Fikrimcə, klublarımız qışda düzgün siyasət aparır. Lazımi futbolçunu cəlb etmək o qədər də asan iş deyil. İkincisi, hansısa mövqelərdə boşluq varsa, doldurmağa çalışırlar. Hər yoldan keçəni kluba cəlb etmirlər. Klublarımız transfer məsələsinə çox ciddi yanaşırlar və tam düzgün addım atırlar. Alınan futbolçular da oyunları ilə seçilir. Bundan sonra faydalı futbolçuları cəlb edəcəklər. Fəallardan "Kəpəz” özünü yaxşı tərəfdən göstərir. "Sabah”ın oyununu izlədik. Güclü "Voyvodina” üzərində 4:2 hesablı qələbə qazanmaqla çox yaxşı təsir bağışladılar. Bu da onu göstərir ki, bizi çox maraqlı çempionat gözləyir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->