Xəbər lenti

MKİ Ukraynaya Rusiya ilə savaş üçün gizli casus bazaları şəbəkəsi yaradıbmış
Dünya 13:24 26.02.2024

MKİ Ukraynaya Rusiya ilə savaş üçün gizli casus bazaları şəbəkəsi yaradıbmış

ABŞ kəşfiyyatı 10 ildir ki, Ukrayna kəşfiyyat xidmətləri ilə gizli əməkdaşlıq edir. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukrayna kəşfiyyatı ilə məlumat mübadiləsi aparır, həmçinin Ukrayna ərazisində məxfi casus bazaları şəbəkəsinin və xaricdə (Rusiya kəşfiyyat xidmətlərinin aktiv olduğu ölkələrdə) Ukrayna kəşfiyyat şəbəkəsinin yaradılmasına kömək edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.

"The New York Times” ABŞ və Ukrayna kəşfiyyat orqanları arasında əməkdaşlıq haqqında Ukrayna, ABŞ və Avropanın indiki və keçmiş rəsmiləri ilə 200-dən çox müsahibə aparıb. Nəşr bu söhbətlərə əsaslanaraq belə qənaətə gəlib ki, MKİ ilə Ukrayna kəşfiyyat xidmətləri arasında əməkdaşlıq 2014-cü ildə Avromaydandan sonra başlayıb. O zaman Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilən Valentin Nalivayçenko 2014-cü il fevralın 24-də SBU-nun ofisində rus zərərli proqramlarına yoluxmuş kompüterləri və binanın həyətində yanan sənəd qalıqlarını aşkar edib. Elə həmin gün o, Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynadakı bölməsinin rəisindən və Mİ6-nın yerli rəhbərindən kömək istəyib.

Rusiya Krımı ələ keçirdikdən sonra MKİ-nin o vaxtkı rəhbəri Con O. Brennan Nalivayçenko ilə görüşmək üçün Kiyevə uçub. Brennan Nalivayçenkoya izah edib ki, MKİ-dən kömək almaq üçün ukraynalılar amerikalıları dəyərli məlumatlarla təmin edə biləcəklərini sübut etməlidirlər.

MKİ və Mi-6-nın dəstəyi ilə SBU Rusiya ərazisindı əməliyyatlar aparmaq üçün hərbiləşdirilmiş Beşinci İdarə yaradıb. Buraya SSRİ-nin dağılmasından sonra doğulmuş və Rusiya ilə heç bir əlaqəsi olmayan əməkdaşlar cəlb edilib. 2014-cü ilin iyulunda Beşinci İdarə Malayziya "Boeing”in vurulmasında rusiyapərəst separatçıları günahlandırmağa imkan verən telefon danışıqlarını ələ keçirə bilib. Bundan sonra Mərkəzi Kəşfiyyat İdarəsi ilk dəfə olaraq Ukraynaya təhlükəsiz rabitə avadanlığı verib və Beşinci İdarənin əməkdaşlarına və Ukrayna kəşfiyyatının digər iki elit bölməsinə təlim keçib. 

2015-ci ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) yeni rəhbəri Valeri Kondratyuk Rusiyanın Şimal Donanması ilə bağlı məxfi sənədləri Mərkəzi Kəşfiyyat İdarəsinə ötürüb. Bir il sonra MKİ gizli iclasda Kondratyuka QUR-u modernləşdirməyə və Rusiya ordusunun radio rabitəsini ələ keçirmək qabiliyyətini yaxşılaşdırmağa kömək etməyə razılaşıb. Bundan sonra Ukrayna kəşfiyyatı amerikalı tərəfdaşlardan düşmənin gizli kommunikasiyalarını ələ keçirmək üçün təhlükəsiz rabitə avadanlığı və cihazları almağa başlayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi həmçinin Avropanın iki şəhərində Ukrayna kəşfiyyatçıları üçün təlim proqramına nəzarət edib. Bundan başqa, ukraynalılara gizli işləmək öyrədilib. Beləliklə, Rusiyada, bütün Avropada, Kubada və Rusiyanın mövcud olduğu digər yerlərdə işləyən yeni nəsil Ukrayna kəşfiyyatçıları meydana çıxıb.
Kondratyuk bildirib ki, MKİ-nin köməyi ilə Ukrayna kəşfiyyatı Rusiya sərhədi boyunca 12 aparıcı əməliyyat bazası yaradıb. Bu mərkəzlərdən ukraynalı zabitlər Rusiya daxilində kəşfiyyat məlumatları toplayan agentlər şəbəkəsini idarə edirdilər. Bazalar kəşfiyyat məlumatlarının toplanması üçün avadanlıqla təchiz edilib. Genişmiqyaslı müharibə başlayandan sonra Rusiya rabitəsini ələ keçirmək üçün daha iki gizli baza yaradılıb. Onlar MKİ tərəfindən tam maliyyələşdirilir və qismən təchiz edilir.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl QUR ABŞ kəşfiyyatına Rusiyanın bir sıra ölkələrdə seçkilərə müdaxilə cəhdləri ilə əlaqəli olan "Fancy Bear” haker qrupunu ifşa etməyə kömək edib. Bu, Rusiyanın Amerika seçkilərinə müdaxiləsini araşdırmağa imkan verib.

Ukraynaya genişmiqyaslı işğalın başlanmasından sonra MKİ zabitləri ABŞ hökumətinin ölkədə qalan yeganə nümayəndələri olub. Ağ Ev Ukraynada Rusiya qüvvələrinə qarşı əməliyyatlar keçirmək üçün kəşfiyyat xidmətlərinə icazə verib. Rusiyanın Kiyevə hücumunun uğursuzluğundan sonra MKİ onlarla əməkdaşını Ukraynaya göndərib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->