
Moskvada mer seçkisi ərəfəsində azərbaycanlı milyarder, prezident Vladimir Putinin tələbəlik dostu İlham Rəhimovun da adının qarışdığı korrupsiya qalmaqalı yaşanır.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva meriyasının məmurları bütün tikintiləri informasiya xarakterli dizayner lövhələri (“şit”) ilə əhatələmək göstərişi verib. Eyni zamanda tapşırılıb ki, bu lövhələr yalnız İlham Rəhimova və yəhudi ortaqlarına bağlı olan “Oqnivo media” şirkətinə verilsin. “Rospres” yazır ki, sifarişlər bu şirkətə azı 10 milyon dollar gəlir gətirəcək.
Tikinti kompleksindəki qaynaqlar bildiriblər ki, artıq Moskvada meriyanın sifarişi ilə tikinti aparan əksər şirkətlər belə lövhələr quraşdırıblar. Sifarişləri isə “Oqnivo media” Açıq Səmhdar Cəmiyyətinə veriblər. Tikinti şirkətlərindən biri meriyadan onlara göndərilən tövsiyə məktubunu da göstərib.
Orada deyilir ki, podratçı lövhələri harda istəsə, sifariş verə bilər, ancaq məsləhətdir ki, “Oqnivo media”ya verilsin.
“Oqnivo media” Azərbaycandan olan yəhudi Yaqutil Yakubova məxsusdur. O, 2010-cu ilə qədər əslən Azərbaycanın Quba rayonundan olan dağ yəhudisi, milyarder və İ.Rəhimovun ortağı Qod Nisanova məxsus “Qranit-A” şirkətinin rəhbəri olub. Hazırda bazarda “Oqnivo” adlı reklam şirkəti fəaliyyət göstərir və onun müştəriləri digər qubalı dağ yəhudisi Zarah İliyevin, Qod Nisanovun və İ.Rəhimovun şirkətləridir.
İliyevin və Nisanovun təmsilçisi “Oqnivo”nun onların şirkətlər qrupunun tərkibinə daxil olmadığını bildirib. Yakubovla əlaqə saxlamaq isə mümkün olmayıb./Virtualaz.org/