Xəbər lenti

MSK-dan prezidentliyə namizədlərə xəbərdarlıq edildi
Ölkə07:13 20.09.2013

MSK-dan prezidentliyə namizədlərə xəbərdarlıq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov prezidentliyə namizədlərin İctimai Televiziyadakı 19 sentyabr debatının qalmaqalla müşayiət olunması məsələsinə münasibət bildirib.

MSK katibi M.Rəhimli Publika.Az-a açıqlamasında söyləyib ki, prezident seçkilərində iştirak edən namizədlərin davranışı Seçki Məcəlləsi ilə tənzimlənir. Onun sözlərinə görə, bütün namizədlər Seçki Məcəlləsinin 17-ci maddəsinə uyğun olaraq əxlaqi normalara əməl etməlidir: “Prezidentliyə namizədlər bir-birinə hörmətlə yanaşmalıdır. Onlar efirdə seçicilərə yalnız öz platformalarına uyğun məlumatlar verməlidir. Bir-birinin ünvanın etik normalara uyğun olmayan ifadələrin səsləndirilməsi və qeyri-əxlaqi davranışlar yolverilməzdir. Ümumiyyətlə, efirdə söyüşlər və digər təhqiramiz ifadələr işlətmək olmaz”.

MSK katibi həmçinin qeyd edib ki, sentyabrın 19-da keçirilən debatda yaranmış qalmaqalla bağlı MSK müvafiq qərar qəbul edə bilər: “MSK onların hüquq pozuntuları barədə qərar qəbul edərsə, o zaman müvafiq orqanlar lazımı tədbirlər görə biləcək”.

M.Rəhimli Milli Şuranın namizədi Cəmil Həsənlinin Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevlə bağlı MSK-ya şikayət etmək istəməsi məsələsinə də toxunub: “Ötən gün baş verən qalmaqalla bağlı hələ bizə müraciət edən olmayıb. Əgər Cəmil Həsənli hüquqlarının pozulması ilə bağlı vəziyyət hiss edirsə, o zaman onunla bağlı MSK-ya müraciət etməlidir və daha sonra bu məsələ araşdırılacaq və müvafiq qərar qəbul olunacaq. Onlarla müzakirələr aparılacaq və hər bir namizədə öz hüquq və vəzifələri bir daha çatdırılacaq. Əgər hansı namizəd Seçki Məcəlləsini pozubsa, onun haqqında MSK-nın müvafiq münasibəti olacaq”.

Xatırladaq ki, prezidentliyə namizədlərin İctimai Televiziyadakı 19 sentyabr debatı qalmaqalla müşayiət olunub, çıxışlar zamanı təhqiramiz ifadələr işlədilib, qarşılıqlı ittihamlar dava həddinə çatıb.

Qaynar.info