“Hazırda Azərbaycanın televiziya və radio məkanında ədəbi dil normaları, küçə, bazar, şou-biznes danışıq normalarına uduzur”.
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, televiziya və radio məkanında bununla bağlı balans çox ciddi şəkildə pozulur: “Ölkədə bəzən belə bir fikir formalaşdırılır ki, xalq danışıq dili hər yerdə olmalıdır. Bu tamamilə yanlış bir fikirdir. Azərbaycanda teleradio kanallarında çalışan aparıcılar kimliyindən asılı olmayaraq ədəbi-dil qaydalarını mütləq bilməlidir. Kinolarda, tamaşalarda xalq danışıq dili saxlanmalıdır. Amma istər idman, istər mədəniyyət, istərsə də xəbər aparıcıları Azərbaycanın ədəbi dil qaydalarını bilməlidirlər”. Qaynar.info