Xəbər lenti

Mübariz Mənsimovun erməni ortağına 130 il həbs cəzası istənilib
Ölkə07:26 27.04.2020

Mübariz Mənsimovun erməni ortağına 130 il həbs cəzası istənilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FETÖ ilə əlaqədar həbs edilən iş adamı Mübariz Mənsimovun erməni ortağı Levon Termendzyan ABŞ Xəzinəsini 1 milyard ABŞ dolları aldatdığı səbəbilə 130 il həbs cəzası istənilib. 
Qaynarinfo ABŞ mətbuatına istinadən xəbər verir ki, Levon Termendzyanın cinayət işi üzrə aparılan araşdırmalar yeni həbslərə yol açıb.
Belə ki, ABŞ-ın Ədliyyə Nazirliyinin Kaliforniya dairəsinin mərkəzi vəkil ofisinin açıqlamasına əsasən Federal Təhqiqat Bürosunda (FTB) 20 ildən çox xüsusi agent kimi çalışmış Babak Brumand adlı şəxs Birləşmiş Ştatların xüsusi hüquq-mühafizə məlumatını təqdim etmək müqabilində ermənilərdən ibarət mütəşəkkil cinayətkarla əlaqədə olan vəkil tərəfindən 200 000 ABŞ dollarından çox pul, rüşvət və hədiyyə qəbul etdiyi üçün həbs olunub.
Yanvar ayından təqaüdə çıxan Brumand rüşvət alaraq, dövlət məmuru adından sui-istifadədə ittiham olunur. İttihama əsasən, San-Fransisko sahə ofisinə təyinat alan, milli təhlükəsizlik və məxfi mənbələrlə məşğul olan FTB agenti vəkil tərəfindən mütəmadi olaraq rüşvət və hədiyyələr alıb.
FTB-nin keçmiş agentinin həmçinin 2016-cı ilin may ayında Lev Aslan Dermen kimi də tanınan Termendzyanın 1 milyard ABŞ dolları civarında yanacaq vergisi dələduzluğuna görə açılan cinayət işinə müdaxilə etdiyi də aydın olub.
Qeyd edək ki, Mübariz Mənsimov Levonla əlaqələrini inkar edərək "Heç bir erməni mənə yaxın dura da bilməz. Bu cür iddialar erməni diasporasının iftiralarıdır” desə də, istintaq materialları bu iddiaların həqiqətə uyğun olmadığını, habelə tərəflərin əlaqələrində şübhəli məqamların mövcudluğunu deməyə əsas verir.
"Mübariz Mənsimov bizim partnyorumuz olub. Onunla 2016-cı ildə atamın təlimatı ilə Kaliforniya mərkəzli "Palmali USA LLC” adlı şirkət qurmuşduq. Mübarizin söylədikləri yalandır”, - deyə L.Termendzyanın oğlu Corc Termendzyan məhkəmədə bildirib.
Bəs bu ortaqlıq hardan başlayır?
ABŞ-da həbs edilən Termendzyan və Kinqston qardaşları Mübariz Mənsimovla birgə 2016-cı ilin oktyabrın 27-də neftdaşıma məqsədilə 201630710161 qeydiyyat nömrəli "Palmali USA LLC” adlı gəmi şirkətini qurublar.
Kaliforniya ştatının rəhbərliyi tərəfindən 2016-cı ilin 18 noyabr tarixli və 16-499992 nömrəli sənəddə "Palmali USA LLC” şirkətində Levon Termendzyanın oğlu Corcun menecer olaraq təyin edildiyi, şirkət mərkəzinin isə 1234 W Cowles St, Long Beach, CA 90813 ünvanında olduğu qeyd edilib.