"Görünən odur ki, bunlar bəzən müəllim olduqlarını unudurlar. İstirahətə gedən bir müəllim yolun ortasında bu hərəkəti edirsə, şagirdlərdən nə gözləyəcəyik? Müəllimin belə davranışı etik kodeksə uyğun deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Binəqədi rayonunun 179 saylı məktəbin qadın müəllimlərinin istirahətdə olarkən yolun ortasında rəqs etməsini əks etdirən videoya münasibətində deyib.
Ekspert bildirib ki, dövlətçilik tarixində bu günkü kimi qeyri-səmimi, qeyri-ciddi təhsilin idarə olunması görünməyib. "Müəllim istirahət etməlidir, bu, onun hüququdur, onlar da əylənməlidir. Amma bu zaman onlar harda olmasından asılı olmayaraq, müəllim olduqlarını unutmalı deyillər, müəllimin yüksək adına hörmət etməyə borcludurlar. Müəllim toyda rəqs edə bilər, amma müəllim küçənin ortasında bu cür xoşagəlməz hərəkətlər etməməlidir. Müəllim bütün fəaliyyət sahələrində nümunə olmalıdır”, deyə Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, son üç ildə orta məktəblərdə çalışan müəllimlərin arasında etik davranış qaydalarına riayət etməyənlərin sayı artmaqdadır:
"Hər bir müəllim işə götürülən zaman etik-davranış qaydalarına birmənalı şəkildə əməl edəcəyinə dair öhdəlik götürür. Son üç il ərzində təhsilin idarə olunmasındakı boşluqlar, nöqsanlar müəllimlərin də fəaliyyətinə mənfi təsir göstərir. Elm və Təhsil Nazirliyinin idarə olunmasında iştirak edənlərin qeyri-ciddiliyi, tədbirlərdə, cəmiyyətdəki davranışı müəllimlər tərəfindən mənfi izah olunur. Onlar hesab edir ki, əgər təhsilin idarə olunmasındakı şəxslər bu qədər qeyri-ciddidirlərsə deməli müəllimlər də bunu edə bilər”.
Qeyd edək ki, Binəqədi rayonunun 179 saylı məktəbin qadın müəllimləri ölkənin rayonlarının birinə istirahətə yollanıblar. Bununla bağlı sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi, müəllimlərdən biri kefli vəziyyətdə yolun ortasında oynayır və həyatına təhlükə yaradacaq şəkildə avtomobilin qarşısına çıxır.
Bahar Rüstəmli