Xəbər lenti

Müəllim şagirdlərə məcburi şəkildə əlavə dərslik aldırır (AÇIQLAMA)
Ölkə11:30 26.09.2017

Müəllim şagirdlərə məcburi şəkildə əlavə dərslik aldırır (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər Nərimanov rayon 304 nömrəli məktəb-liseydə müəllim şagirdlərə məcburi olaraq əlavə dərsliklər aldırır.

Bu barədə "Qaynarinfo"ya daxil olan məlumatda bildirilir ki, məktəbin riyaziyyat müəllimi olan Məhluqə xanım şagirdləri Malik Namazovun məktəblilər üçün yazdığı dərslikləri almağa məcbur edir.

Məsələ ilə bağlı məktəbin direktoru İradə Hüseynova ilə əlaqə saxladıq. O, açıqlamasında bildirdi ki, əgər hansısa valideynin müəllimlə problemi varsa məktəbə müraciət etsin:

"Şikayətçi kimdirsə mənə müraciət etsin, mən də yerində tədbir görüm. Əgər müəllimə kitab almağı tapşırıbsa, ona deyərəm ki, aldırmasın. Valideynin məktəbin içərisində müəllimlə problemi varsa, vətəndaşların qəbulu qaydası var. Mən onun problemini həll etməsəm, o zaman sizə müraciət edə bilər".

Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov isə "Qaynarinfo"ya açıqlamasında əlavə dərslikərin şagirdlərə aldırılmasının yolverilməz olduğunu, bu kimi halların qanunvericiliyə zidd olduğunu bildirdi:

"Hər ilin əvvəlində tədris proqramı təsdiq olunur. Təsdiq olunmuş vəsaitlər içərisində heç bir halda dərslikdən əlavə köməkçi vasitələrdən istifadə orta ümumtəhsil məktəblərində yolverilməzdir. İlk növbədə buna qanunvericilik icazə vermir. Ona görə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, orta ümumtəhsil məktəblərinin 1-ci sinfindən 11-ci sinfinə qədər təhsil alan şagirdlərin hamısı dövlət büdcəsinin vəsaiti hesabına təşkil olunan dərsliklərlə pulsuz olaraq təmin edilir. Dövlət başçısı bu sərəncamı ona görə imzalayıb ki, təhsil əlçatan olsun və sosial vəziyyətinə görə, təhsil alanlar arasında heç bir fərq olmasın. Nəzərə alsaq ki, bu gün Azərbaycanın 4500-dən çox təhsil müəssisəsində 1,5 milyona yaxın şagird təhsil alır, onların heç də hamısının sosial vəziyyəti bərabər deyil və imkansız ailələrin sayı kifayət qədərdir. Ona görə də hesab edirəm ki, müəllimlər özlərinin tədris prosesində vaxt qazanmaları üçün şagirdlərə iş dəftərləri, əlavə test kitabçaları aldırırlar. Buna heç bir halda yol vermək olmaz. Birinci ona görə ki, Təhsil Nazirliyinin sifarişi əsasında hazırlanan dərs vəsaitlərinin hamısanda, paraqrafların içərisində, sonunda və yanında tədris prosesini əhatə edəcək qədər tapşırıqlar, suallar var və həmin tapşırıqlar kifayət qədər mövzunun mənimsənilməsinə imkan verir. İkincisi isə dərsliklərdən əlavə tərtib olunan test vəsaitləri şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun deyil. Bəzi müəllimlər ona görə əlavə dərs vəsaitləri, test kitabları aldırırlar ki, oradakı suallar, hazırlıq səviyyəsi dərsliklə müqayisədə müəyyən qədər çətindir. Bunu yerinə yetirə bilməyən şagirdlər də repetitor olaraq həmin müəllimin yanına gəlməyə məcburdurlar. Müəllim dərsdə onlara göstərir ki, siz bu tapşırıqları yerinə yetirə bilmirsiniz və ona görə də mənim yanıma gəlməlisiniz. Həmin vəsaitlər yalnız repetitor yanında önəmli təsirə malikdir. Biliyin mənimsənilməsində bu kimi dərsliklərin heç bir rolu yoxdur. Qeyd etdiyim kimi, müəllimlər bunları dərsdə vaxt qazanmaq, özlərini əziyyətə salmamaq üçün şagirdlərə aldırırlar".

Çingiz Səfərli

Qaynarinfo.Az