
Müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti ildən müəllimlərin əməkhaqlarında dəyişiklik olması nəzərdə tutulur.
Anspress-in məlumatına görə, bunu "Azərbaycan" qəzetindəki yazısında təhsil naziri Mikayıl Cabbarov qeyd edib.
Onun sözlərinə görə, növbəti mərhələdə müəllimlərin sınaq qiymətləndirilməsinin bütün ölkə ərazisində tətbiq olunması planlaşdırılır.
"Həmçinin müəllimlərin dərs yükünün optimallaşdırılması istiqamətində də islahatlar həyata keçirilib. Ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb".
Nazir 2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma tədbiri həyata keçirildiyini də deyib. O, bildirib ki, müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilib. "İlk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbə üçün hər ay 100 manat həcmində əlavə "Gələcəyin müəllimi təqaüdü" təsis edilib".
Qaynar.info