Bakı üzrə dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, müəllimlər cavab kartlarının doldurulmasında səhvlərə yol veriblər və bu da imatahanın nəticələrinin saytda yerləşdirilməsində müəyyən problemə səbəb olub.
Müəllimlərin əksəriyyəti məktəb kodu əvəzinə məktəbin nömrəsini, təvəllüd ili əvəzinə gün, ay, ildən ibarət rəqəmləri daxil ediblər:
“Bir neçə məsələni qeyd etmək istərdik: 1. Suallar və onların düzgün cavabları əvvəldən bildirildiyi kimi BŞTİ-nin saytında yerləşdiriləcək (növbəti həftə ərzində)
2. Təəssüf ki, bir sıra müəllimlər tərəfindən cavab kartlarının doldurulmasında buraxılan (və BŞTİ-nin əməkdaşlarının yuxusuz gecələr və istirahətsiz günlər keçirməsinə səbəb olan) səhvlər hazırda cavab nəticələrinin öyrənilməsi üçün yaradılan bölmənin doldurulmasında da təkrarlanır (gələn müraciətlərin təhlili onu göstərir ki, əksər müəllimlər məktəb KODu əvəzinə məktəbin NÖMRƏsini, təvəllüd ili əvəzinə gün, ay, ildən ibarət rəqəmləri daxil edirlər). Diqqətli olmağa çağırırıq!!!
3. BŞTİ ilə yanaşı Nazirliyin Qaynar Xəttinin (146) əməkdaşları da müəllimlərin suallarını cavablandırmağa hazırdır.
4. Ən son müşahidə isə odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Facebook səhifəsində səhifəsində ən çox hay-küy qaldıran "müəllimlər" əsasən zəif və ya çox zəif nəticələr göstərmiş fərdlərdir.
Qeyd edək ki, Sınaq Qiymətləndirilməsinin nəticələri artıq bəllidir. Nəticələrlə bakuedu.az saytında yerləşdirilib. Nəticələri öyrənmək üçün iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaq kifayətdir.
Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.
Qeyd edək ki, üç dəfədən artıq yalnış məlumat daxil edildiyi halda nəticələrə giriş bağlanır.
Qaynar.info