"İşə qəbulla bağlı yeni qaydalara görə, müəllimlər son yerdəyişmədən 3 il keçməyənə qədər yerdəyişmə imtahanında iştirak edə bilməyəcəklər”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən danışarkən deyib.
O, təhsil sisteminin eksperiment meydançasına çevrildiyini vurğulayıb:
"Tanıdığım gənc müəllim 5 il yaşayış yerindən 25 km uzaqda işlədi. Ötən il yerdəyişmə imtahanı ilə başqa məktəbə keçdi, amma yeni iş yeri də yaxın deyil. Sadəcə, əvvəlkinə nisbətən daha yaxın olduğu üçün növbəti il daha yaxşı şans qazana biləcəyi ümidilə yeni məktəbə keçdi. İndi siz onu məcbur edirsiniz ki, daha 3 il kifayət qədər uzaq məsafədə işləsin. Bu insanların azyaşlı övladlarını etibar edəcəyi normal bağça sistemi də qurmamasınız.
Bu eksperimentlərlə Azərbaycan təhsilini Mərdanov modelindən çətin ki, uzağa apara biləsəniz”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə ona cavabında yazıb ki, nazirlik yerdəyişmədə heç kimə qadağa qoymur:
"Şəxsə iki seçim veririk. Ya işdən çıxır və yenidən müsabiqədə iştirak edir. Ya da ki, yerdəyişmə müsabiqəsində iştirak edərək həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq”.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin işə qəbulu qaydalarında edilən dəyişiklik labüd idi:
"Uzun illərdir eyni formatda imtahanların keçirilməsini imtahan prosesini monoton etmişdi. Digər tərəfdən imtahan iştirakçıları tam şəkildə öz bilik və bacarıqlarını nümayiş etdirə bilmirdilər. Cəmiyyətdə müəyyən qədər yeni qaydalar narazılığa səbəb olub. İmtahanların başlamasına qısa bir müddət qalır və bu imtahana hazırlaşan, eyni zamanda hazırlığı keçən şəxslərə öz mənfi təsirini birmənalı şəkildə göstərəcək. Çünki onlar yeni işə qəbul ediliblər və düşünürlər ki, prosesdə iştirak edə biləcəklər”.
Kamran Əsədov hesab edir ki, 3 illik məhdudiyyətin qoyulmasının səbəbi işə yeni qəbul edilən şəxslərin işə qəbul olunandan bir il sonra yerdəşimə etmələridir:
"Onlar əvvəl getdikləri yerdə müəllim boşluğunun yaranmasına gətirib çıxardırlar. Birmənalı şəkildə bu məhdudiyyətin qoyulması həmin ərazilərdə müəllimlərin daha uzun müddət ərzində çalışması və həmin ərazilərdə müəllim çatışmazlığının yaşanmamasına xidmət edən bir amildir. Düşünürəm ki, bu tələb ibtidai siniflər üçün müsbət olacaq. Bir çox hallarda yeni işə qəbul edilmiş ibtidai sinif müəllimləri bölgələrə işləməyə gedirdilər və bir ildən sonra onlar yerdəyişmə edirdilər. Amma onlar uşaqları düşünmürdülər. Yenidən başqa bir müəllim gəlir. İbtidai sinifdə oxuyan şagird 4 il ərzində ən azı 4 dəfə müəllim dəyişirdi ki, bu da onların psixologiyasına, həm keyfiyyətli tədrisin təşkil edilməsinə mane olur. Bu 3 illik məhdudiyyət çox doğru bir yanaşmadır ki, yeni işə qəbul edilən şəxs 3 il ərzində yerdəşimə etməyəcək”.
Bahar Rüstəmli
Şərhlər