
Qaynarinfo müharibə dəhşətləri yaşamış yazıçı Çinarə Ömrayın son günlər ön cəbhədə baş verənlərlə bağlı təəssüratlarını təqdim edir:
...Müharibəni səsindən, qoxusundan tanıyıram mən. O, mənim uşaqlığımı əsir götürdü, evimizi, ailəmin sağlamlığını aldı əlimizdən, doğmalarımı aldı.
Həyatımda qoyduğu izlər, vurduğu travmalar hələ də məni rahat yaşamağa qoymur.
Məğlubiyyəti həyatı bahasına qəbullanan biri kimi qələbəni də görmək, hiss etmək ən çox həm də mənim haqqım idi.
İkinci dəfə idi ki, ön cəbhəyə ta döyüşlərin getdiyi yerə qədər gedirdim. Bu qoxu necə də tanış qoxudur! Hardasa əsir qalan uşaqlığımın bu barıt qoxusunun əlindən tutub ot basmış yollarla üzü mənə gəldiyini hiss edirdim.
Qalib tərəf olmağın möhtəşəmliyini həmin döyüş bölgəsində hiss edir adam.
O vaxt balaca əmim Ağdərədə döyüşürdü. Yadımdadır, məğlub olmağımız bəs deyilmiş kimi, ölən adamlarımız azmış kimi, bir tərəfdən də əsgərləri bit-birə basıb yeyirdi. O dövr üçün elə bil bitlər də ermənilərlə saziş bağlamışdılar. Müharibə həm də bit-birəsi ilə yaddaşımda qalmışdı.
İndi gördüyüm mənzərə necə də fərqli idi! Əsgərlərlə bir-bir görüşməyin hissi, qalib tərəf olmaq... Ön cəbhədə, bitsiz, daha gümrah, daha pozitiv əsgər görə bilmək... Bunu yəqin ki, sözlə izah edə bilmərəm.
Güclü olmağı, qalib olmağı hiss etmək ayrı zövqdür.
Bayraq sevgimizi, insan sevgimizi, birlik gücümüzü, güvəncimizi itirmişdik məğlubiyyətlə birgə. İndi onların bərpa olunmasını görmək necə qürurludur. Qalibiyyətin nələri diriltdiyini onda anlayır adam.
Tanımadığım, bilmədiyim adamlar güvənərək hesabıma pul köçürdürdülər. Çünki ortada ƏSGƏR adı var idi.
Və mənim kimi soyuq, (dostların dili ilə desək - odun) adamı orda bir əsgərin bir sözü kövrəltdi.
- Gələn dəfə gələndə nə gətirək? Bir necə günə yenə gələcəm.
- Keçən dəfə də gəlib gördünüz, indi də. Vallah, çox yardım gəlir bura. Dövlət arxamızda, yanımızdadır. Hamı bizə yardım göndərir. Komandirlərin sizə dediyi iki-üç şeydən başqa heç nə gətirməyin. Ancaq bir xahişim olacaq.
- Əmr et, Əsgər. Xahiş nədi?
- Əstəğfirullah, xahiş edirəm. Bizə bu qədər yardım gətirsiniz. Amma biz ailəmizdən narahatıq. Onları sizə əmanət verib gəlmişik. Olardan muğayət olun.
...Dostlar, düzdür, bir neçə günə yenə yola düşəcəyik, ancaq əsgər ailələrinə də kömək olmaq lazımdır. Onları bizə əmanət edib gediblər. Köməyə ehtiyacı olan bildiyiniz, tanıdığınız əsgər ailələri olsa, mənə yönəldin, lütfən. Mən də oradakı bir neçə əsgərin ailəsini, nömrəsini götürmüşəm. Və eyni zamanda kömək, yardım etmək istəyən olsa, mənə yaza bilər. Hesab nömrəsi qoya bilərəm.
Biz qalibik!!! Qalib olmaq möhtəşəmdir!