
"Murad Köhnəqala hazırda İsveçdədir"
Qaynar.info xəbər verir ki, Belçikada yaşayan satirik şair Mirzə Sakit gunxeber.com-a müsahibəsində yazar Murad Köhnəqala ilə bağlı maraqlı məlumat verib.
O, "Murad Köhnəqaladan nə xəbər var, görüşmək, əlaqə saxlamaq imkanınız olubmu?" sualına cavabında bildirib ki, Murad Köhnəqala hazırda İsveçdə qaçqın düşərgəsində məskunlaşıb: "Murad Köhnəqala hazırda İsveçdədir. Hələlik isə qaçqın düşərgəsində məskunlaşıb.
Arada onunla skayp və facebook vasitəsilə əlaqə saxlayıram. Amma yaxından görüşmək imkanım olmayıb. Deyim ki, Muradın mühacirlik etməsi xəbərini eşidəndə çox kədərləndim. Hər halda bir Azərbaycan ziyalısı öz vətənini tərk edib.
Muradın Azərbaycandakı yaşayışı haqda, bəlkə də, məndən çox məlumatı olan olmazdı. Murad çox acınacaqlı vəziyyətdə yaşayırdı. Onun qələmindən çıxan çox dəyərli məhsulları ilə maddiyyatı arasındakı məsafə yüz illik yola bərabər idi.
Muradın yazdıqlarını oxuyanlar yaxşı bilirlər ki, Azərbaycanın çağdaş ədəbiyyatında Murad çox böyük yeniliklərin, özü də çox qiymətli yeniliklərin müəllifi kimi tarixdə qalacaq. Ancaq təəssüflər olsun ki, bu qiymətli yeniliklərin müəllifi insanların mənəvi dünyasını zənginləşdirdiyi halda özü çox acınacaqlı bir həyat girdabında qaldı".
"Deyirlər ki, Murad Köhnəqalaya heç bir dindarın təhdid və ya təqibi olmayıb, bu, bir bəhanədir. Düzdürmü?" sualına cavabında mühacir satirik bu cür düşünənləri şarlatan adlandırıb: "Bu sözü deyənlərlə həmin o şarlatan dindarların heç bir fərqi yoxdur.
Onu deyənlər bəyəm hər gün Muradın telefonunun içində girib yatırdılarmı və yaxud da o təhdidlər haqda Murad hər gün hamıya hesabat verməli idimi? Şəxsən bir dəfə mən Muradla çayxanada çay içərkən, Muradın telefonuna zəng gəldi. Zəng edən həmin o “Allahın Fövqəladə və səlahiyyətli səfirləri”ndən biri idi. Həmin o “səfir” Muradı Rafiq Tağının aqibəti ilə hədələyirdi.
Bundan başqa, Muradı xaricə getməkdə qınayan həmin o “ağzıgöyçək qaqaşlar”a deyirəm ki, ay ağzıgöyçək qaqaş, Muradın bu hakimiyyət haqda yazdıqları satirik yazıların içindəki “Nüvə silahı”nı sən heç duymadınmı?
Əgər duymadınsa, o zaman sən gözübağlı halda necə yaşayırsan? Sadəcə ayıbdır, ömrü boyu yazdığı köşə yazılarından cəmi bir-ikisi cəmiyyət tərəfindən “xala xətrin qalmasın” kimi oxunan adamların Murad kimi nəhəng bir yazara çamur atması elə ən böyük dinsizlik və Allahsızlıq sayılır".
Qaynar.info