
Ali Məhkəmə ömürlük məhbus Məmməd Məmmədovun şikayətini təmin etməyib və cəzasını qüvvədə saxlayıb.
Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.
Qarabağ Azadlıq Təşkilatının üzvü Məmməd Məmmədov 2003-cü ildə bir qrup gənclə dəstə yaradıb. Onlar Qarabağda partizan müharibəsi başlamaq istəyiblər, lakin həbs olunaraq azadlıqdan məhrum ediliblər. Ömürlük həbs cəzası alan Məmməd Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib və iş yenidən baxılması üçün Azərbaycana göndərib. Bakı Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb.
Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, Ali Məhkəmə aprelin 17-də işə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxıb. Prosesə Məmməd Məmmədovun özünü də gətiriblər: “Müdafiə tərəfi ciddi arqumentlər göstərməsinə baxmayaraq hakim bunlara əhəmiyyət vermədi və ömürlük məhbusla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Arqumentlərimiz Məmməd Məmmədovun ittiham olunduğu cinayətləri törətmədiyini və ona ömürlük həbs cəzasının əsassız verildiyini sübut edirdi. Bəzi maddələr var ki, Məmməd Məmmədovla birlikdə həbs olunan digər şəxslərin işindən hələ on il əvvəl Ali Məhkəmənin qərarı ilə çıxarılıb. Amma Məmmədin işində həmin maddəni indi də saxlayırlar.
Onun işini digər həbs olunanların işindən ayırmışdılar və tək mühakimə olunmuşdu. Amma mütəşəkkil dəstə yaratmaqda ittiham edirlər. Cinayət qanunvericiliyində göstərilir ki, mütəşəkkil dəstə ən azı iki nəfərdən ibarət olur. Məmməd isə təkdir, amma onu yenə də mütəşəkkil dəstə yaratmaqda ittiham edirlər. Bu da Azərbaycan məhkəmələrində onun işinə ədalətsiz və qeyri-obyektiv baxıldığını təsdiqləyir”.
Vəkil qeyd edib ki, yenidən Avropa Məhkəməsinə şikayət edəcəklər.
Qaynar.info