
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyadan verilən məlumata görə, partiya rəhbərliyi nümayəndələrinin iştirakı ilə keçirilən Suraxanı, Füzuli, Şirvan təşkilatlarında olan toplantılar barədə məlumat verilib. Həmçinin Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılın davam edən məhkəmələri, bu proseslərdə baş verənlər barədə məlumatlar dinlənilib.
Hər iki məhkəmənin faktiki olaraq qapalı keçirilməsi, Müsavat başqanı və digər ictimai fəalların, jurnalistlərin məhkəməyə buraxılmaması kobud qanun pozuntusu və hakimiyyətin məhkəmələri siyasi nəzarətdə saxlaması kimi qiymətləndirilib.
Jurnalist Rasim Əliyevin sosial şəbəkədə yazdığı tənqidi fikirlərə görə döyülərək qətlə yetirilməsi söz azadlığına qarşı dözümsüzlüyün növbəti nümunəsi, ölkədəki qanunsuzluğun, özbaşınalığın nəticəsi kimi dəyərləndirilib.
Məsələnin ciddiliyini nəzərə alaraq Rasim Əliyevin qətlə yetirilməsi ilə baglı Divan adından ayrıca bəyanat verilməsi qərara alınıb.
Divanda Parlament seçkiləri, bu seçkilərə hazırlıqla bağlı görülən işlər barədə geniş müzakirələr aparılıb. 80-dək seçki dairəsi üzrə namizədliyini irəli sürmək niyyətində olan partiya üzvlərinin siyahısı haqda məlumat verilib. İki həftə ərzində seçki dairələri üzrə namizədlərin ilkin siyahısının müəyyənləşməsinin yekunlaşdırılması haqda tapşırıq verilib.
Seçkilərdə iştirak edəcək namizədlərin siyahısının müzakirəsi və təsdiqi üçün 29 avqust tarixdə partiya Məclisinin növbədənkənar sessiyasının çağırılması barədə qərar qəbul edilib.
Qaynar.info