
Müsavat Partiyası bu gün hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilməsinə dair hökmlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi vicdan məhbusu, İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərova qarşı qaldırılan cinayət işinin məhkəmə istintaqına yekun vuraraq, ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökm çıxarıb.
R.Cəfərova qarşı qaldırılan cinayət işi Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin beynəlxalq qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində “aşkar edilən” qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən daxil olan materiallar əsasında 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313-cü maddələri ilə başlanmış və istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində aparılıb. Məhkəmənin gedişində iddia olunan bu qanun pozuntuları təsdiqini tapmayıb. R.Cəfərovun həbsinin onun hüquq müdafiəsi sahəsindəki fəaliyyətinin və günahsız olaraq həbsə atılan yüzə yaxın siyasi və vicdan məhbusunun siyahısının tərtib edilməsinin əsas təşkilatçısı olması əlaqəli olduğu bir daha aydınlaşıb.
Müsavat Partiyası məhkəmənin siyasi sifariş əsasında qəbul etdiyi bu qərarı hakimiyyətin QHT-lərə və insan haqlarının müadfiəsi ilə məşğul olan qurumlara qarşı repressiya siyasətinin davamı hesab edir. Məhkəmənin bu hökmünü vətəndaşların fundamental hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarını siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq cəhdi kimi qiymətləndirir.
Müsavat Partiyası vicdan məhbusu Rəsul Cəfərovun və digər siyasi məhbusların qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir".
Qaynar.info