Xəbər lenti

Müsavatda başqan kim olsun? - POLEMİKA
Ölkə18:15 06.09.2014

Müsavatda başqan kim olsun? - POLEMİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Alya Yaqublu

Müsavatın başqanı kim olsa yaxşıdı? 

Daha dəqiqi - kimin başqanlığı daha yaxşı olar? 

Bu sualın emosiyasız-filansız, vurmasız-çıxmasız ən dəqiq cavabı budu - haqq edən. 

Yəni fəaliyyətiylə, fədakarlığıyla, mübarizəsiylə, necə deyərlər, tökdüyü tərlərlə haqq edən biri.

Heç şübhəsiz, Qubad bəy çox sayğıyadəyər namizəddi - QHT sektorunun samballı nümayəndələrindən biridi, gözəl alimdi, təmkinli və son dərəcə də mədəni adamdı. Müsavat üçün samballı iqtisadi layihələr hazırlayıb bu illər ərzində. Amma mən onun öz imkanlarından kifayət qədər yararlanmadığını düşünürəm - o, bir iqtisadçı olaraq bizdən qat-qat çox və detallı bildiyi məsələlərin, məsələn, hakimiyyətin iqtisadi cinayətlərinin daha dərin təhlilini aparıb ictimaiyyəti məlumatlandıra bilərdi. 

O zaman nə il boyu ölkə xaricindəki müxtəlif tədbirlərdə iştirak üçün xərclədiyi zamanı, nə də hakimiyyətlə qarşıdurmanın kritik anlarında öndə durmadığını ona irad tutmaq olardı. Əlbəttə, bu, çox təhlükəki işdi, hakimiyyət belə araşdırmalara qarşı çox dözümsüzdü, amma ortada bir jurnalist olaraq bu işə cəsarət etmiş Xədicə İsmayıl nümunəsi varsa və hədəfdə Müsavat başqanı olmaq dururdusa, bu riskə getməyə dəyərdi. 

Azərbaycan normal ölkə olsaydı, təkcə o çox lazımlı, amma bizim şərtlərdə çox da simvolik QHT fəaliyyətinə yox, elə hakimiyyətin layihələrində iştirak faktına da müsbət yanaşmaq olardı. Amma nə yazıq ki, Azərbaycan normal ölkə deyil.

Bu sadaladıqlarımdan dolayı mən Qubad bəyi başqanlığı haqq edən ən layiqli namizəd olaraq görmürəm. 

Fədakarlıq, mübarizlik, zəhmətkeşlik, ən kritik situasiyalarda öndə olmaq, təşkilatın hər işinə çatanlardan biri və bir çox hallarda da birincisi olmaq baxımından Arif bəyin başqanlığı daha çox haqq etdiyini düşünürəm. Bütün bu illər ərzində onun həm azadlıq və demokratiya uğrunda verdiyi mücadiləni, həm də Müsavat üçün verdiyi əməyi göz önünə gətirib düşünürəm ki, başqanlığa namizəd olaraq ona yox, başqasına üstünlük vermək Arif bəyin haqqını yemək deməkdi.

Bundan başqa, dəyərlərə münasibətdə mən onun prinsipial və kompromissiz adam olduğuna inanıram. Hesab eləyirəm ki, bu məsələ diqqət yetirilməsi vacib olan ən mühüm amillərdən biridi. Bu çox vacib amilə görə də mən Arif bəyin bir az emosional, bir az da səbirsiz olmasını ona bağışlayıram...

Tural bəy də çox mübariz və fədakar insandı, həmişə ön sıralardadı, demokratiya savaşında böyük əziyyətlərə qatlanıb. Amma nə yazıq ki, "20 ilin müxalifəti" haqqında yanlış dəyərləndirmələr yapır, bu illər ərzində görülən işlərin hamısını heçə sayıb minlərlə insanın zəhmətini yerə vurur. Bu isə 20 il ərzində tutulan, döyülən və hətta öldürülən insanların ən azı sayğıya olan haqqını tapdamaq deməkdi. 

Çoxdan siyasətdə olan biri üçün Azərbaycanda vəziyyətin nədən belə olduğunu, demokratiya uğrunda savaşın nədən ciddi dəyişikliklərə gətirib çıxarmadığını analiz etmək çox da çətin olmamalıdı. Müsavata başqan olmaq istəyən biri üçün heç çətin olmamalıdı. 

P.S. Müsavatda hər hansı posta iddialı olmadığımı və İsa bəydən sonra partiyayla əlaqəmin indikindən də az olacağını deyim ki, tərəf-mərəf söhbətləri getməsin. Mən doğru bildiyimi yazdım. Həmişəki kimi...

Qaynar.info