
Şıxəli Qurbanovun adı Musiqili Komediya Teatrından götürüldü.
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Şıxəli Qurbanovun adı Musiqili Komediya Teatrından götürülüb. Teatrın adı da dəyişdirilib. Bundan sonra mədəniyyət ocağı Musiqili Teatr adı altında fəaliyyət göstərəcək. Aprelin 18-də təmirdən çıxan teatr binasının qırmızı lentini prezident İlham Əliyev kəsib.
Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova atasının adının teatrdan götürülməsi ilə bağlı etirazlarını “Yeni Müsavat”a bildirib. Onun fikrincə, bu məsələyə qərəzlə yanaşılıb: “Hər il teatr mövsümü Şıxəli Qurbanovun əsəri ilə açılırdı. Heç şübhə eləmirəm ki, bu məsələdə şəxsi ambisiyalar yol oynayıb”.
“Yeni Müsavat”ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevadan aldığı xəbərə görə, teatrın adının dəyişdirilməsi onun spektrinin genişlənməsi ilə bağlıdır:“Şıxəli Qurbanov Azərbaycanın layiqli övladlarındandır. 1969-cu ildə dünyasını dəyişən şəxslə bağlı hansı qərəzdən söhbət gedə bilər? Bu məsələ Şıxəli Qurbanovun şəxsiyyəti ilə bağlı deyil. Rəhbərlik belə qərara gəldi ki, bundan sonra teatr təkcə komediya janrındakı əsərləri deyil, ümumiyyətlə musiqi əsərlərini səhnələşdirəcək. Teatrların həyatında, ümumiyyətlə mədəniyyət sahəsində islahatlar aparılır. Musiqili Komediya Teatrının da adı bu islahatlar çərçivəsində dəyişdirilir. Mirzə Fətəli Axundovun da adı bir neçə il öncə Akademik Dram Teatrından götürülüb. İndi kimsə deyə bilərmi ki, bu Mirzə Fətəlinin şəxsiyyətinə qərəzli münasibətlə bağlıdır? Bütün bunlar teatrların həyatına müsbət təsir edir”.
Zöhrə Əliyevanın sözlərinə görə, Şıxəli Qurbanovun adının teatrdan götürülməsi heç bir halda onun əsərlərinin repertuardan çıxarılması və ya Şıxəli Qurbanovun musiqili komediya janrındakı yaradıcılığının arxa plana keçməsi anlamına gəlmir.
Qaynar.info