
Avqustun 20-də Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov) anadan olmasından 112 il ötür. O, 1901-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdır.
AzərTAc bildirir ki, balaca İsfəndiyarın sənətə gəlməsində ustadı İslam Abdullayevin xüsusi rolu olmuşdur. Öz dövründə “Segah İslam” kimi tanınmış görkəmli xanəndə məclislərin birində İsfəndiyarın səsini bəyənmiş və onu özünə şagird götürmüşdür.
“Xan” ləqəbinin tarixçəsi isə belə olmuşdur. “Segah İslam” tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur, Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra “Segah İslam” heç kimin gözləmədiyi halda üzünü İsfəndiyara tutur: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı” oxuyasan?”. İsfəndiyar 12-13 yaşından başlayaraq, saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir. Ancaq buna baxmayaraq, İslam Abdullayevin sözünü yerə salmır. Məclis əhli ikinci dəfə “Kürd Şahnazı” dinləməli olur. “Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, “əsl xan elə bu imiş ki!”, - deyir.
Vəcdə gələn İslam Abdullayev isə, ustad xeyir-duasını verərək deyir: “Bu gündən sənin adın oldu Xan Şuşinski”.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutmuşdur. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxumuş, onlara yeni bir çalarlar əlavə etmişdir.
Xan geniş səs diapazonuna sahib olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin bütün dünyaya tanıdılmasında, milli musiqimizin təbliği yolunda böyük nailiyyətlərə imza atmışdır. 1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq birinci mükafata layiq görülmüşdür. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir. Xan Şuşinski mürəkkəb muğamların mahir bilicisi və ifaçısı idi. Ritmik muğamları qeyri-adi bir ustalıqla oxuyur, dinləyicidə böyük ruh yüksəkliyi oyatmağı bacarırdı. Səsini istədiyi kimi dəyişməkdə, zəngulə vurmaqda bir çox tanınmış xanəndələrin diqqət mərkəzində olmuşdur. Xan Şuşinskinin ifa etdiyi muğamlarda heç vaxt eynilik hiss edilməmiş, daim muğamların ruhuna uyğun qəzəllər seçmişdir.
Xan Şuşinski görkəmli xanəndə kimi tanınsa da, onun bir sıra bəstələri də olmuşdur. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarını Xan Şuşinski bəstələmişdir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxumuşdur. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında səsləndirilmişdir.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməmişdir. Deyilənə görə, Üzeyir Hacıbəyli Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış, xüsusən də “Qaragöz” mahnısını. Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaratmış və burada gənc xanəndələrə muğamın sirlərini öyrətmişdir. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan Şuşinski gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşımış, Azərbaycan musiqisinin həqiqi Xanı olmuşdur. Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalmışdır.
Xan Şuşinski 1979-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat etmiş, Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilmişdir.
Qaynar.info