Xəbər lenti

Müxalifət Rəsulzadə ilə bağlı tədbirlərə qatılacaqmı? - AÇIQLAMA
Ölkə10:45 18.01.2014

Müxalifət Rəsulzadə ilə bağlı tədbirlərə qatılacaqmı? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.

Tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransın, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və "Dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlər əksini tapıb.

Görəsən, müxalifət rəsmiləri dövlətin Rəsulzadə ilə bağlı təşkil etdiyi tədbirlərə qatılacaqmı?

Xalq Partiyasının sədri Pənah Hüseyn Qaynar.info-ya açıqlamasında belə tədbirlərə qatıla biləcəyini dedi: "Hələlik heç bir dəvət almamışam. Amma Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqının milli dəyəridir, hərəkatımızın öndəridir. Bununla bağlı hansı siyasi, rəsmi, qeyri-rəsmi qüvvələr nəsə təşkil edirsə, yaxşı haldır. Bizim iştirak edib-etməməyimiz mahiyyətcə heç nəyi dəyişmir. Müxalifətin də bununla bağlı tədbirlər proqramı var. Bura bir sıra elmi-praktiki konfransların təşkili, Rəsulzadənin Novxanıdakı abidəsinin ziyarəti və digər tədbirlər daxildir".

"Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda elə tədbirlər var ki, bunlar açıq keçiriləcək və dəvətə ehtiyac yoxdur. Məsələn, sərgi keçirilməsi planlaşdırılır. Bu tədbirlərdə necə, iştirak edəcəksiz?" Sualına P.Hüseynin cavabı belə oldu: "Dediyim kimi, Rəsulzadə ümumilli liderdir. Ona görə kimin təşkil etməsindən asılı olmayaraq, bu tədbirlərdə iştirak mümkündür".

"Hakimiyyətin səmimiyyətinə inanmıram"

Azərbaycan Xalq Cəhbəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Qaynar.info-ya açıqlamasında bildirdi ki, partiyanın bununla bağlı konkret qərarı yoxdur: "Bu məsələ partiyamızın rəyasət heyətində müzakirə olunmayıb, heç düşünmürəm ki, müzakirə olunsun. Amma AXCP-nin rəyasət heyətində, eyni zamanda Milli Şurada Rəsulzadənin yubileyi ilə bağlı məsələ müzakirə olundu. Yubileylə bağlı fəaliyyət proqramı hazırlanıb. Ona görə zənn etmirəm ki, kimsə seçim qarşısında qalsın. Kimsə hansısa sərgidə, tədbirdə iştirak etmək istəyərsə, gedib iştirak edə bilər.

Məsələn, Nəsiman Yaqublunun cumhuriyyət tarixi ilə bağlı kitabı çap olunmuşdu. Baxmayaraq ki, kitab QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunmuşdu, biz həmin kitabın İctimai Palatada təqdimatını keçirmişdik. Ona görə də, burada xüsusi bir düşmən siyasəti yoxdur. Düşmən siyasətini aparan elə hakimiyyətin özü olub. Həmişə belə mövzulara qarşı qısqanc mövqe tutublar. Tədbirlər planından da görünür ki, bunların ADR dərəyrləri ilə bağlı fikirlərdə səmimi olsaydılar, vətəndaş dialoquna gedərdilər. Çünki Rəsulzadənin sahıb çıxdığı dəyərlərdən biri də vətəndaş cəmiyyətində harmoniyanın yaranmasıdır. Mən hakimiyyətin səmimiyyətinə inanmıram. Ancaq nə tədbirlər keçirdəcəklərsə, orda az da olsa, Rəsulzadə irsi, ADR dəyərləri təbliğ olunarsa, sağ olsunlar".

AXCP nümayəndəsi bildirdi ki, bəlkə özü bir neçə tədbirə qatıldı: "Xüsusi maraqlı  tədbirlər olarsa, məsələn, sərgi, müzey, kitab təqdimatı, kino nümayişi formasında tədbirlər olarsa, qatıla bilərəm. Amma mənim gedib Mübariz Qurbanlı, Siyavuş Novruzov kimi insanların "Xalq Cumhuriyyəti yaradanlar Azərbaycan xalqına xəyanət edib. Zəngəzuru ermənilərə verib" deyənlərin cumhuriyyətçilər haqqında, Rəsulzadə haqqında fikrini dinləmək həvəsim yoxdur".



Musavat Partiyasının divan üzvü Tural Abbaslı isə Qaynar.info-ya açıqlamasında bildirdi ki, onlar ümumdövlət maraqlarında vahid mövqe göstərmək tərəfdarıdırlar: "Bildiyiniz kimi, Müsavat Partiyası Məmməd Əmin Rəsulzadənin yaratdığı partiyadır və onun irsi bu gün də tərəfimizdən davam etdirilir. Belə düşünürəm ki, hakimiyyət tərəfindən Rəsulzadənin anım tədbirləri, bayram tədbirləri ilə bağlı rəsmi dəvət gələrsə, bu müzakirə oluna bilər. Çünki Müsavat Partiyası həmişə deyib ki, ümumilli məsələlərdə - Qarabağ, dövlət  əhəmiyyətli məsələlərdə Azərbaycan maraqlarını qorumağa hər zaman hazırdır və düşünürəm ki, bu məsələ də ümumilli məsələdir.

Açıq tədbirlərlə bağlı isə onu deyə bilərəm ki, bu tədbirlərdə iştirakla bağlı hansısa müsavatçıya qadağa qoyulmaz. Hansısa sərgidə Rəsulzadə irsi ilə bağlı məlumat veriləcəksə, nəsə yeni bir şey öyrənəcəklərsə, orada iştirakın heç kimə ziyanı olmaz. Təki hökümət bu niyyətində səmimi olduğunu sübut eləsin".

Pərviz

Qaynar.info