
Nabranda onu tanımayan yoxdur. Fərqli görüntüsü, özünəməxsus azərbaycancası ilə bir çox turistin sevimlisidir. Bəzək əşyaları, ətirlər satır. Çox da ucuz qiymətə yox. Amma müştərilərinin çoxu bu əşyaları almaqdan daha çox onunla həmsöhbət olmağı sevir.
“3 QIZIM, 1 OĞLUM VAR - HƏM AZƏRBAYCAN, HƏM DƏ PAKİSTAN DİLLƏRİNDƏ DANIŞIRLAR”
14 ildir ki, Azərbaycanda yaşayan Muhammed Sakalayla qısa bir söhbət edirik. Təbii ki, öncə Azərbaycanın çox gözəl ölkə, insanlarının isə qonaqpərvər olması ilə bağlı klassik bir ikir söylədi.
Məlum oldu ki, əslində Bakıda yaşayır və orada zərgərliklə məşğuldur. Amma yayda uşaqları, ailəsi Nabranda istirahət etməyə gələndə o da biznesini bura daşıyır. Şəkildə və videoda gördüyünüz balaca piştaxtada mallarını satmağa çalışır. 10 manata, 20 manata, 30 manata... zinyət əşyalarının dəstini satır.
Bəzənsə qadınlar gəlib, adının baş hərfi olan boyunbağılar sifariş edirlər. Bir günə onu da hazırlayır: “40 cür əl işi var burda. Qramla satıram onları. Müştərilərim də daimidir. Onlar məndən razıdır, mən də onlardan”.
Pakistan hara, Bakı hara? Muhammed danışır ki, birinci dəfə 7 günlük viza ilə Azərbaycana gəlib. Sonra ölkəmiz xoşuna gəldiyi üçün vizanın müddətini də uzadıb: “Sonra burda bir azərbaycanlı bir qızla tanış oldum, onunla evləndim. Uşaqlarım pakistan dilini də bilir. 3 qız, 1 oğlum var. Öyrəniblər hər iki dili, hər iki dildə danışırlar. Yoldaşımı da, uşaqları da Pakistana aparmışam. Bir dəfə 1 il, o biri dəfə 3 ay qalıblar orda. Yoldaşım istəsə, ora da köçə bilərik”.
“BURDA HİSS ETMİRƏM Kİ, PAKİSTANLIYAM”
Cütlük çox yaxşı yola gedir. Müsahibim deyir ki, evlərində hər iki dildə danışır, hər iki ölkənin mətbəxindən yeməklər hazırlanır. Onun sözlərinə görə, Azərbaycan yeməkləri çox gözəl olsa da, Pakistan mətbəxi ədvalı yeməkləri ilə fərqlənir: “Amma yoldaşım da bizim mətbəxi öyrənib. Bizdə yeməkləri daha ədvalı, istiotlu bişirirlər. O da indi belə bişirir. Mən burda hiss etmirəm ki, pakistanlıyam. Özümü çox doğma bilirəm. Əsas odu ki, müsəlmanam”.
Müsahibimiz Azərbaycan dilini bir ilə öyrənib. Hər hansı kursa getməyib, özəl müəllim tutmayıb. Sadəcə danışa-danışa öyrənib.
Muhammedin dediyinə görə, Azərbaycanda bizneslə məşğul olmaq çətin deyil. Yeganə çətinlik qonaq olması, dili mükəmməl bilməməsidir: “Qalan hər şey qaydasındadır. 8 ildir ki, Nabrana gəlib gedirəm. Qadınlar özəl olaraq nələrisə mənə sifariş edirlər. Adlarınıı kəsirəm gümüşlə. Azərbaycanda qadınar zinyət əşyalarını daha çox sevirlər. Bu, onları pakistanlı qadınlardan fərqləndirən əsas cəhətdir”.
Qaynarinfo.Az
Mənbə: musavat.com


