Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 1 avqust 2019-cu ildə Xaçmzada "Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir həyata keçirib.
Qaynarinfo xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimlərinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır.
Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir.
Layihənin davamlılığı və iştirakçıların əlaqələndirilməsi üçün layihənin elektron (virtual) səhifəsinin yaradilması qərara alınıb. Tədbir iştirakçıları həmçinin Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüb, narkomaniya və digər pis vərdişlərə qarşı mübarizənin davamlılığını müzakirə ediblər.