Dünya 19:14 27.06.2022

NASA Avstraliyanın Kosmik Mərkəzindən ilk raketini buraxdı

NASA raketini Avstraliyanın ucqar Şimal Ərazisindən uğurla kosmosa buraxıb və bu, ABŞ hüdudlarından kənarda ilk kommersiya kosmodromundan buraxılış kimi tarixə düşüb.

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

Mərkəzin tərtibatçısı, sahibi və operatoru olan "Equatorial Launch Australia" (ELA) şirkətinin bildirdiyinə görə, raket bazar ertəsi (27 iuyun) yerli vaxtla gecə yarısından Nhulunbuy qəsəbəsi yaxınlığındakı Dhupuma yaylasındakı Arnhem Kosmik Mərkəzindən buraxılıb.

Raketin Yerə ən yaxın ulduz sistemləri olan Alpha Centauri A və B bürclərini müşahidə etmək missiyası çərçivəsində kosmosda 300 kilometrdən (186 mil) çox məsafə qət edəcəyi gözlənilir.

Bazar ertəsi günü baş verən hadisə həm də Avstraliya üçün ölkədə ilk kommersiya kosmik raketinin buraxılışı kimi tarixə düşüb.

Bu, üç buraxılışdan birincisi olub, daha ikisi iyulun 4 və 12-də hayata keçiriləcək.

NASA-ya görə, bunlar yalnız Cənub Yarımkürəsindən edilə bilən astrofizik tədqiqatlar aparacaq.

M.Arif