"Azərbaycan tədris prosesində məktəbli forması hələ öz həllini tapmayıb ki, "Son zəng" günü nostalji ovqat daşıyan formaya müraciət olunub”.
Bunu Qaynarinfo-ya təhsil eksperti Elmin Nuri Naxçıvanda şagirdlərin "Son zəng"də sovet dövrünün məktəbli forması geyinməsindən danışarkən deyıb.
Ekspert bildirib ki, Azərbaycanda orta məktəblərdə forma problemi təkcə "Son zəng"lə bağlı deyil:
"Son zəng" günü geyinilən məktəbli formasını sovetin rəmzi, nişanəsi adlandırmaq olmaz. Bu geyimdə sovet məktəbinin, ruhunun əksi var. Məsələn, 45 dəqiqəlik dərs amilini, 5 dəqiqəlik tənəffüsü, dərslərin sentyabrın 1-də başlayıb 25 mayda bitməsini məşhur sovet müəllimləri sistemləşdirib. Düzdür, onlar da fransız müəllimlərindən təsirlənmişdilər, amma hər halda bunu onlar sistemləşdirib. Nəzərə alaq ki, həmin formalarda sovetin atributu, rəmzi də yoxdur. Amma bütün bunlarla bərabər məsələni qabardanlarla mən də şərikəm”.
Ekspert hesab edir ki, problemə daha kreativ yanaşmaq olardı:
"Məsələn, Azərbaycanın milli atributları olan buta və digər milli ornamentlərdən istifadə oluna bilərdi. Ümumiyyətlə, forma problemi hələ də orta məktəblərdə qalmaqdadır. Nazirlər Kabinetinin qərarına əsasən, məktəblilərə 4 növ forma təklif olunur. Həmin məktəblərdə pedaqoji şura yaradılır, şura 4 forma növündən birini seçir və bu da tələb kimi valideynlərə irəli sürülür”.
Ekspert son zəng günü geyinilən formalaradan adi günlərdə istifadə olunmadığını qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Naxçıvanda "Son zəng" günü sovet məktəbli formasından istifadə olunduğunu əks etdirən videolar yayılıb.
Bahar Rüstəmli