
“Biz orta məktəblərdə çalışan müəllimlərin dərs yükünün artırılması ilə müraciətlərə müsbət yanaşırıq”.
Bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, nazirliyə müəllimlərin dərs yükünün artırılması ilə bağlı müraciətlər edilir: "Biz bu məsələyə baxırıq və müsbət yanaşırıq. Ancaq bu, öhdəlik deyil. Müəllimlərin daha çox dərs saatında çalışması məcburi deyil".
M.Cabbarov deyib ki, ümumilikdə təhsil sistemində həvəsləndirmə sisteminin mükəmmələşdirilməsinə çalışılır. Nazirin fikrincə, bu gün tətbiq edilən həvəsləndirmə sistemi tam optimal deyil. Buna görə də nazirlik bu istiqamətdə addımlar atmalıdır.Nazir Bakıdakı 23 saylı orta məktəbin direktorunun vəzifəsindən azad edilməsinə də münasibət bildirib. O deyib ki, qanun hamı üçün eynidir və hər kəs qanun çərçivəsində cəzalandırılacaq. Təhsil sistemində ciddi qanun pozuntuları baş verərsə, Təhsil Nazirliyi Azərbaycan qanunvericiliyi çərçivəsində buna cavab verəcək.
Qeyd edək ki, ötən həftə 23 saylı orta məktəbin direktoru qanun pozuntularına yol verdiyi üçün vəzifəsindən azad edilib. /Trend/