
Yunis Abbasov Britaniyada yaşaya-yaşaya Bakıda universiteti necə bitirib?
Ancaq apardığım araşdırmalar nəticəsində onun gətirdiyi aydınlaşmaların əsassız olduğunu yazmışdım. Araşdırmalarım zamanı nazir oğlunun Böyük Britaniya vətəndaşlığı ortaya çıxdı, bu da özlüyündə bir çox mətləblərə aydınlıq gətirdi.
2000-ci ildə Yunis Abbasov Təhsil Nazirliyində yaradılmış komissiyanın qərarı ilə orta məktəbi vaxtindan bir il tez bitirir. Buna onun atası Ismət Abbasovun keçmiş təhsil naziri Misir Mərdanovla dostluğu yardımçı olur. Nazir oğlu həmin il Azərbaycan Dövlət Iqtisad Universitetinə daxil olur. Yunis Abbasovun özü “Qafqazinfo” saytına verdiyi müsahibədə etiraf edir ki, 2001-ci ildə ingilis dilini təkmilləşdirməkdən ötrü Böyük Britaniyaya gedib. O vaxtdan Yunus Azərbaycana qayıtmayıb, ancaq hansı yollasa həm universiteti bitirib, həm də magistraturanı.
Sonra bəlli olacaq ki, bu nazirin yaxşı düşünülmüş planına uyğun olaraq baş verib. Nazirin bu hazırlıqları prezident Heydər Əliyevin səhhətinin ağır olduğu dövrə təsadüf edirdi. Bu, o dövrdə mətbuatda yüksək rütbəli məmurların öz ailələrini, əmlaklarını xaricə çıxarmaları barədə gedən məlumatlarla üst-üstə düşür. Ismət Abasovun qızı da Böyük Britaniyada yaşayır. Böyük ehtimalla o da Böyük Britaniya vətəndaşlığı əldə edib.
Nazir hər an siyasi şəraitin dəyişəcəyindən qorxduğundan övladlarının Azərbaycana gəlməməsinə çalışıb. Ilk baxışdan fağır adam təəssüratı yaradan nazir Ismət Abbasov hakimiyyətin uzunmüddətli olacağına inanmayıb, övladlarını və öz vəzifəsindən sui-istifadə ilə əldə etdiyi milyonları xaricə daşıyıb, onlara təminat yaratmağa çalışıb. O, əbəs yerə oğlu Yunusa “Y.A.Propety Investments Limited” şirkəti yaratmayıb. Məqsəd gələcəkdə Böyük Britaniyada alınmış mülklərin həmin şirkətin uğurlu biznes fəaliyyəti nəticəsində alındığını deməkdir.
Azadliq.info