
Mayın 21-də İmişli şəhər sakini Sadiq Abbasov ondan 1 yaşlı qardaşı qızı Tənzilə Abbasovanın əməliyyatı üçün M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində həkim işləyən Elnur İmanov tərəfindən 4000 manat pul tələb edilməsi və imkansızlıq səbəbindən həkim tərəfindən əməliyyatdan imtina olunması ilə bağlı avropa.info saytı məlumat yayıb.
Bundan əlavə Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədovun xəstənin yaxınlarından rüşvət istəməsi ilə bağlı videogörüntülər mətbuatda yer alıb.
Hər iki məsələ ilə əlaqədar Aktual.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Elnur İmanov və Vüsal Məmmədovla bağlı Səhiyyə Nazirliyi xüsusi komissiya yaradıb:
“Səhiyyə Nazirliyi artıq araşdırmaya başlayıb. Qanun pozuntuları yaradılan xüsusi komissiya tərəfindən araşdırılacaq və yekunda hüquq mühafizə orqanlarına müraciət olunacaq. Hər iki faktla bağlı xəstənin yaxın adamlarının Səhiyyə Nazirliyinə rəsmi müraciət etmələrini xahiş edirik”.
Qaynar.info