Gəncənin icra başçısı Elmar Vəliyev məruz qaldığı silahlı hücum zamanı yaralanıb, amma onun vəziyyəti ağır deyil.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir.
***
Qaynarinfo xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan şəxs olduğu bildirilir.
Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
****
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.
APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.
Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.
Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.
Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.
****
Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub.
Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.
21:27
Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.
Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.
Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.