Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3 əməkdaşı işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, işdən çıxarılanlar aparıcı məsləhətçi-müfəttiş Əfqan Paşayev, məsləhətçi-müfəttiş Ramin Əliyev və baş məsləhətçi-müfəttiş Aqşin Qafurovdur.
Məlumata görə, bu olay narazılığa səbəb olub. Xüsusilə, Əfqan Paşayev işdən çıxarılmasını qanunsuz hesab edir.
Mənbəmiz bildirir ki, ötən il Əfqan Paşayevin rəhbərliyi altında qanunsuz ov edənlərə qarşı reyd keçirilib. Ucar rayonunda da 4 nəfər qanunsuz ov edən şəxs saxlanılıb. Həmin vaxt ETSN-nin Daxili Nəzarət və Audit İdarəsinin sektor müdiri Samir Kərimov məsələyə müdaxilə edib. Sektor müdiri tutulan şəxslərdən birinin onun qohumu olduğunu bildirərək buraxılmasını tapşırıb. Lakin Əfqan Paşayev tapşırığa əməl etməyib.
İddia olunur ki, bu məsələ ilə əlaqədar Əfqan Paşayev və Samir Kərimov arasında hətta mübahisə də olub. Samir Kərimov onu hədələyərək başına oyun açacağını bildirib.
Bu ilin fevralında Əfqan Paşayevin çalışdığı idarədə illik audit yoxlaması aparılıb. Yoxlamanı aparan Cəlair Səmədov adlı şəxs olub. Həmin şəxsin Samir Kərimovla yaxın olduğu barədə iddialar var.
Maraqlıdır ki, yoxlama bitəndən sonra Cəlair Səmədov hər şeyin qaydasında olduğunu deyib. Lakin az sonra Əfqan Paşayev, Aqşin Qafurov və Ramin Əliyev nazirliyə çağırılıb. Onlardan işdən çıxmaq barədə ərizə yazmaq tələb olunub. Əks təqdirdə xüsusi maddə ilə işdən çıxarılacaqları bildirilib. Əsas kimi isə Cəlair Səmədovun apardığı yoxlamanın nəticələri göstərilib. Adıçəkilən şəxslər ərizə yazmaqdan imtina ediblər. Buna görə də xüsusi maddə ilə işdən çıxarılıblar.
Eyni zamanda bəlli olub ki, yoxlamanın nəticəsi olaraq akt tərtib olunub. Həmin aktda qeyd edilib ki, ətraf mühitin və təbii ehtiyatlarının dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sfera üzrə monitorinq aparımayıb və xidməti ərazi üzrə ekeoloji vəziyyətin qiymətləndirilməsi həyata keçirilməyib.
Araşdırmalırımız nəticəsində bəlli olub ki, bu tip monitorinqlərin və qiymətləndirmələrin həyata keçirilməsi üçün ilin əvvəlindən plan tutulur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində isə belə bir plan olmayıb. Digər tərəfdən, xüsusilə, Əfqan Paşayev qanuni pozuntuları aşkarlamaq üçün mükəlləf olub. O, idarə rəisinin müvafiq sərəncamları əsasında qanunsuzluqlara qarşı mübarizə aparıb.
Məlumatda deyilir ki, Əfqan Paşayev və digərləri qanunsuz olaraq işdən çıxarılmaları barədə nazirliyə müraciət ediblər. İdarənin keçmiş əməkdaşları Cəlair Səmədovun yoxlamanın nəticələrini saxtalaşdırdığını, onların qarşı qərəzli münasibət bəsləndiyini bildiriblər. Lakin nazirlikdən müraciətə cavab gəlməyib və onların sadaladığı faktlar araşdırılmayıb.
Məsələ ilə bağlı Qaynarinfo işdən çıxarılan şəxslərin mövqeyini öyrənməyə çalışıb. Lakin yalnız Əfqan Paşayevlə danışmaq mümkün olub. Onun cavabı isə qısa olub: "Bəli, deyilənlər doğurudur”. O detallara varmaq istəmədiyini, nazirlikdən cavab gözləndiyini deyərək telefonu qapadıb.
ETSN-nin Hüquq və İnsan Resursları şöbəsinin müdiri Aynurə Kərimova Qaynarinfo-ya bildirib ki, Əfqan Paşayev, Aqşin Qafurov və Ramin Əliyev işlərində yol verdikləri nöqsanlara görə vəziflərindən azad ediliblər:
"8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində keçirilən audit yoxlamasının nəticəsinə uyğun olaraq vəzifə funksiyalarını qeyri-qənaətbəxş təşkil etdiklərinə, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə və işlərində nöqsanlara yol verdiklərinə görə idarənin aparıcı məsləhətçi-müfəttişi Əfqan Paşayev, baş məsləhətçi-müfəttişi Aqşin Qafurov, məsləhətçi-müfəttişi Ramin Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Seyid