Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edrək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan İslam İsmayılova (şərti) 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün, həmçinin həbsdə olduğu 2 ay 11 gün müddət bir günə iki gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 7 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, İslam İsmayılov Sahib Qəzənfərov (şərti) adlı şəxsə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edərək ona sosial təminatlı mənzil almaqda kömək edəcəyini bildirib. Bunun müqabilində isə vətəndaşdan hissə-hissə olmaqla 8000 manat pul alıb.
Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra İslam İsmalyılov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə zamanı İslam İsmayılov verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Seyid
Şərhlər