Ölkə 18:51 11.04.2023

Nazirliyin “Qarınqulu” qalmaqalı ilə yeni detallar - Prodüsser məhkəmədən qalib ayrıldı

Mədəniyyət Nazirliyinin yarım milyonluq "Qarınqulu” adlı animasiya layihəsi ətrafında baş verən qalmaqalla bağlı məhkəmə prosesi başa çatıb. 

Qaynarinfo xəbər verir ki, iş üzrə iddiaçı "NME” MMC-nin direktoru Nicat Manafov olub. 

"Qarınqulu” layihəsi ilə bağlı şübhəli məqamları da ilk olaraq Nicat Manafov ictimailəşdirib. O, bildirib ki, layihə ilə bağlı satınalma müsabiqəsi keçirilmədən icrası "Salnaməfilm” studiyasına həvalə edilib. Mədəniyyət Nazirliyinin tabeliyində olan "Salnaməfilm” isə animasiya sahəsində deyil, sənədli filmlər üzrə ixtisaslaşıb. 

"Qarınqulu”nun heç bir tender keçirilmədən, özü də animasiya sahəsində ixtisaslaşmamış "Salnaməfilm”ə verilməsi layihənin korrupsiya mənbəyinə çevrilməsinə dair şübhələrə səbəb olub.

Nicat Manafov bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müarciət edib. Sözügedən qurum Mədəniyyət Nazirliyinə məktub göndərərək satınalma müsabiqəsi keçirilməsini tələb edib. Bu tələbə hələ də əməl olunmayıb. 

Bu azmış kimi Nicat Manafov "Salnaməfilm” studiyasına yaxın şəxslər tərəfindən ittiham olunub. Onun barəsində sosial şəbəkələrdə ittihamedici tonda paylaşımlar edilib. "NME” MMC-nin direktoru bunun nazirliyin kampaniyası kimi dəyərləndirərək məhkəməyə üz tutub. O iddiasında paylaşımların silinməsi və təkzib verilməsini tələb edib. 

İddiaya Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə baxılıb. Hakim cavabdehlərin üzərinə həmin paylaşımların silinməsi öhdəliyinin qoyulması ilə bağlı qərar çıxarıb. Qətnamənin nəticə hissəsini təqdim edirik.

Seyid