
Jalə İSMAYIL
Biz danışa bilmirik. Ağzımızdan horra tökülür.
Balaca uşağımızdan baş nazirimizə qədər demək istədiyimiz demək istədiyimiz kimi çıxmır ağzımızdan. Lətifə lətifə dalınca yaranır.
Mütaliəmizmi azdır? Evdəmi belə öyrədiblər? Dilimizimi bilmirik? Nə baş verir, lənət şeytana?!
Ailəmizdən siyasətimizə - iqtidar və müxalifətimizə qədər bu gündəyik. İllərdi açıqlamaların dalınca da aydınlaşdırma açıqlamaları oxumaqdan cana doymuşuq.
“Elə demək istəmirdim...”
Bəs necə demək istəyirdin? Bəs istədiyin kimi deməyi nə zaman öyrənəcəksən?
Biz danışmağa qorxuruq. Danışa bilməmək düşünməməkdən irəli gəlirsə, bəs onda bu xalqın qaş-qabağı niyə açılmır, niyə həmişə fikirlidir? Çox fikirləşirsə, niyə danışa bilmir?
Dolanıb-dönüb gəlirik çıxış nöqtəsinə.
İstedadlı balacalarımız var. Uşaq proqramlarında körpələri necə proqramlaşdırırlarsa, eyni avaz, eyni intonasiya ilə şeir deyirlər, suallara cavab verirlər. TV redaktorları fırt eləyib bir burundanmı düşüblər?
Aktiv gənclər var. Mübarizə aparırlar, şərlənib tutulurlar, döyülüb-söyülürlər, amma döyüş meydanından qaçmırlar. Amma həm də danışa bilmirlər. Danışmaq lazım olduğunu bilə-bilə hazırlaşmırlar buna heç olmasa.
Siyasətçi adına namizədlərimizdən isə danışmağa dəyməz. Hıqqana-hıqqana iki kəlməni dalbadal deyə bilməyənlər kimi inandıracaqlarını düşünürlər?
Söhbət heç də yüksək natiqlik qabiliyyətinin olmasından getmir. Sadəcə fikir aydın şəkildə ifadə olunmalıdır. Sadəcə deyib düşünmək yox, düşünüb demək lazımdır.
Facebook müzakirələri bu qüsurumuzu bütün eybəcərliyi ilə ortaya çıxardı. “Düz başa düşülməyən”, “yanlış yozulan”, “yəni demək istəyirdim ki...” şərhlərlə dolub-daşır statuslar.
Ən pisi, heç kim də heç kimi anlamaq istəmir. Başqasının nə demək istədiyini anlamaq üçün ömrünün 1-2 dəqiqəsini xərcləmək fikrində deyil heç kim.
Özümüzü ifadə etmək problemi ilə qarşımızdakını anlamaq problemini eyni anda yaşadığımızdan beyin imtina edir bizdən. Beyin deyir ki, get, heç olmasa bu problemlərdən birini həll et, sonra gəl.
Ürək heç, biz ağlımıza da etiraz edən adamlarıq.
Nolacaq bu işlərin axırı?
Mövzuya dəxli olmasa da: bir dəfə də olsa, gözlərini görmədiyim adamları şərh etməkdən çəkinirəm. Görmədiyimiz adamlar bilmədiyimiz adamlardılar...