"Neçə gündür ki, onun dövlətimiz tərəfindən təltif edilməsini gözləyirəm, amma xəbər yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov "Xalq bank"ın filial rəhbəri Yusif Məmmədovun dənizdə batan uşaqları xilas etməsi zamanı həlak olmasından danışarkən deyib:
"XalqBank"ın filial rəhbəri Yusif Məmmədovun dənizdə uşaqları xilas etdikdən sonra özünün boğulması haqda artıq hamı bilir. Neçə gündür ki, onun dövlətimiz tərəfindən təltif edilməsini gözləyirəm, amma xəbər yoxdur. Axı bu, qəhrəmanlıqdır! Məgər qəhrəmanlar yalnız müharibədə olur?".
Əkrəm Həsənov bildirib ki, mərhumun təltiflərə əslində ehtiyacı yoxdur:
"Allah ona rəhmət eləsin! Onun təltifi dirilərə lazımdır ki, bu cəngəllik dünyasında bizləri daha yaxşı, daha humanist etsin..."
Qeyd edək ki, bir neçə gün öncə "Xalq Bank"ın "Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədov faciəvi şəkildə həlak olub. Məlumata görə, Abşeron çimərliklərinin birində ailəsi və dostları ilə istirahət edən Yusif Məmmədov dənizdə batan uşaqları xilas edərkən həlak olub.
Bahar Rüstəmli