
Bu törəmə şirkətlər vasitəsilə ofşor zona sayılan Cersi adalarında 3 daşınmaz əmlaka, habelə, Rusiya Federasiyasının, Lüksemburq və Fransanın daşınmaz əmlakına sərmayə qoyulub. Q.İbadoğlu bu yatırımların məbləğinin açıqlanmaması, həmçinin ofşor zona sayılan Cersi adalarındakı investisiya ilə bağlı qeyri-şəffaflığın hökm sürdüyünü bildirmişdi: «Sərmayələrin məbləği barədə heç bir məlumat verilmir. Bundan əlavə, törmə şirkətləri kimlər idarə edir, nə kimi əmlaklara yatırım qoyulub bilinmir. Doğrusu, belə bir təcrübə SOCAR-da olub. Neft Fondunun törəmə şirkət yaratmasının hüquqi əsasını tapa bilmədim. Yəni Fond özünün törəmə şirkətlərini yarada bilərmi? Bu suallar bizə açıq qalır. Fond şirkət yaradıb, onlar da offşor zonalarda əmlak idarə edir. Yaxşı olar ki, onlar barədə hər hansı bir məlumatı Fond hesabata daxil etsin».
Törəmə şirkətlər harda yerləşir?
Dövlət Neft Fondunun törəmə şirkətlərinin sayı 8-dir.
Bunlar- «SOF AZ Re» Ltd;
«SOF AZ Re UK L.P»;
«SOF AZ Re Min Ltd»;
78 «St. James’s Street Unit Trust»;
«SOF AZ RE E Europe Holding Sarl»,
«SOF AZ RE Europe Sarl» ;
«SCİ 8 Place Vendome»,
«SC Tverskaya 16».
Bu törəmə şirkətləri harada qeydiyyatdadır? Dövlət Neft Fonduna ünvanladığımız sorğuda bu barədə geniş açıqlama verilir. DNF-dan «Bizim Yol»a bildirdilər ki, 8 törəmə şirkətinin 4-ü Cersi adalarında yaradılıb (SOFAZ Re Ltd., SOFAZ Re UK L.P., SOFAZ Re Min Ltd. və 78 St. James’s Street Unit Trust).
«SC Tverskaya 16» törəmə şirkəti Rusiyada yaradılıb, «SOFAZ RE Europe Holding Sarl»» və «»SOFAZ RE Europe Sarl» Lüksenburqda, «SCİ 8 place Vendome» isə Fransada yaradılıb.
Göründüyü kimi, şirkətin dördü ofşor zona sayılan Cersi adalarında qeydiyyadan keçib. Bir məkanda bir neçə şirkətin yaradılmasına hansı lüzum yaranıb, bu aydın deyil.
Hansı əmlaklara nə qədər vəsait yatırılıb?
DNF-dan bildirdilər ki, Çersi adalarında qeydiyyadan keçən 4 şirkət vasitəsilə London Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 milyon 350 min ingilis funt sterlinq (225 milyon 625 min manat) olan daşınmaz əmlak alıb.
Rusiyada yerləşən «SC Tverskaya 16» şirkəti Moskova Tverskaya 16 ünvanında 133 milyon dollar (104,3 milyon manat) dəyərində olan «Qalareya Aktyor» əmlakını alıb.
Lüksenburqda yaradılan 2 və Fransada yaradılan 1 şirkət isə Parisdəki Vandom meydanı 8 ünvanında yerləşən və dəyəri 135 milyon avro (143,3 milyon manat) olan daşınmaz əmlaka investisiya qoyulub.
DNF-nın cavabından belə aydın olur ki, Çersi adalarında qeydiyyadan keçən dörd şirkət bir obyektə böyük məbləğdə yatırım qoyub. Həmçinin, Lüksemburq və Fransada yerləşən 3 şirkət bir daşınmaz əmlak alıb. Ekspertlərin fikrincə, ümumiyyətlə, daşınmaz əmlak almaq üçün 8 törəmə şirkətin yaradılmasına nə ehtiyac olduğu bəlli deyil. Bunu bir və ya 2 şirkət vasitəsilə də həyata keçirə bilər. Çünki Fondun Əsasnaməsinə görə, daşınmaz əmlak bazarına qoyulan yarıtırım valyuta səbətinin 5 faizini ötməməlidir. Burada geniş yatırımlardan söhbət getmirsə, bunun üçün bir neçə şirkət bəs edər. Amma Fond bir obyekti almaq üçün 4 şirkət təsis edib. Ümid edirik, bu anlaşılmazlığa qurum tərəfindən bir aydınlıq gətiriləcək.
Şirkətlərin idarə heyətində kimlərin təmsil olunmasına gəlincə, qurumdan bildirildi ki, təsis edilən şirkətlərin hamısı 100 faiz Neft Fonduna məxsusdur.
Şirkətlər fondu «sığortalayacaq»…
Ekspertləri maraqlandıran digər məsələ, DNF-in törəmə şirkəti yaratmasına nə dərəcədə hüquqi əsasının olmasıdır. Dövlət Neft Fondu tərəfindən açıqlanan cavabda bildirilir ki, törəmə şirkətlər «Valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar»a əsasən təsis edilib: «Şirkətlərin təsis edilməsində məqsəd Fondun daşınmaz əmlaka belə investisiyalarda vergilərin azaldılması və məsuliyyətin məhdudlaşdırılmasından ibarətdir. Məsuliyyətin məhdudlaşdırılması dedikdə üçüncü şəxslərin daşınmaz əmlakla bağlı mülki iddialarından Fondu müdafiə etmək nəzərdə tutulur».
Buna qısa olaraq, belə aydınlıq gətirək. Fond aldığı əmlakla bağlı üçüncü şəxs qismində bir nəfər meydana çıxıb, hər hansı bir iddia irəli sürə və təzminat istəyə bilər. Bu zaman məhkəmələrə Fondu həmin şirkət təmsil edəcək. Bir növ fondu bu tip hadisələrdən sığortalamaq xarakteri daşıyır. Əgər məhkəmə hesaba həbs qoymaqla bağlı qərar çıxararsa, bu zaman Dövlət Neft Fondu deyil, törəmə şirkəti məsuliyyət daşıyacaq. Əks təqdirdə, birbaşa fonda yönəldilməsi, onun beynəlxalq imicinə ciddə mənfi təsir göstərə bilər. Bu baxımdan ekspertlər Fondun törəmə şirkət yaratmasını məqsədəuyğun hesab edirlər. Lakin onların fəaliyyətindəki şəffaflıq əsas narahatlıq doğuran məsələdir.
DNF-dan sorğumuzda qeyd edilir ki, Fond tərəfindən yaradılan şirkətlər tam şəffaf fəaliyyət göstərir və onların auditi «Böyük dördlüyə» daxil olan audit şirkətləri tərəfindən həyata keçirilir. /”Bizim Yol” qəzeti/
Qaynar.info