Bakı şəhəri, Qaradağ rayon Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı” adlı təntənəli mərasim keçirilib. Mərasim Ulu Öndərin zəngin irsinin gənc nəslə aşılanması məqsədilə təşkil olunub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib. Direktor vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz xilaskarlıq missiyası ilə Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas edərək, ölkəmizi xaosdan davamlı tərəqqi relsləri üzərinə çıxarıb. O, qeyd edib ki, məhz Dahi Liderin praqmatik xarici siyasət kursu sayəsində Azərbaycan qısa müddətdə beynəlxalq birliyin nüfuzlu və bərabərhüquqlu üzvünə çevrilib.
A.Hüseynova, həmçinin Ümummilli Liderin təhsil sahəsində apardığı strateji islahatlara toxunaraq bildirib ki, "Təhsil millətin gələcəyidir” fəlsəfəsini rəhbər tutan Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın gələcəyi üçün milli kadr potensialının hazırlanmasının möhkəm bünövrəsini qoyub. Direktor dahi şəxsiyyətin müəyyən etdiyi inkişaf strategiyasının bu gün də ölkəmizin tərəqqisinin təməl daşını təşkil etdiyini diqqətə çatdırıb. O, gənc nəslin vətənpərvər ruhda yetişməsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında bu qəbildən olan maarifləndirici tədbirlərin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq, tədbirin ərsəyə gəlməsində əməyi olan müəllim və şagird heyətinə minnətdarlığını bildirib.
Direktor həmçinin qeyd edib ki, bu gün Dahi Rəhbərin müdrik siyasi kursunun alternativsiz davamçısı Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, müasir məktəb infrastrukturunun qurulması və insan kapitalının inkişafına yönəlmiş dövlət proqramları Ulu Öndərin maarifçilik ideallarının təntənəsidir.
Məktəbin 3"D” sinif rəhbəri Ülviyyə Əliyeva çıxışında Ulu Öndərin ömür yolunun və siyasi fəaliyyətinin hər bir gənc üçün örnək olduğunu qeyd edərək, tədbirin əhəmiyyətindən danışıb.
Mərasim 3"D” sinifinin şagirdləri tərəfindən hazırlanmış bədii proqramla davam etdirilib. Məktəblilər Ümummilli Liderə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda səhnəciklər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Böyük maraqla qarşılanan tədbir iştirakçılarda yüksək ruh yüksəkliyi və rəğbət hissi oyadıb.
Şərhlər