Xəbər lenti

Nərgiz: azadlıq gülü...
Ölkə05:20 24.04.2015

Nərgiz: azadlıq gülü...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmşad AĞA

Vicdan məhbusu Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bizi - onu sevən hər kəsi tərk etdi, əbədiyyətə qovuşdu...

Əslində, biz Nərgizi Tofiq Yaqublunun qızı kimi yox, Nərgiz Yaqublu kimi tanımışdıq. Elə bu gün də onu Nərgiz Yaqublu kimi yad edirik, hər zaman da məhz Nərgiz kimi xatırlayacağıq. 

Ağırdır, həm yazmaq, həm də 25 yaşlı gənc, içində azadlıq eşqi bir gün belə əskilməyən fədakar bir dostu itirmək... Çox ağırdır. 

Bayaq dostumuz Ruslan İzzətli belə bir təklif etdi: bəlkə, Nərgiz gülünü azadlıq simvolu seçək?

Etiraz etmədim, - Nərgiz gülü baharın simvoludur, bahar isə oyanışdır, - dedim.

Artıq sosial şəbəkələrdə də hər kəs Nərgiz gülünün azadlıq rəmzi olduğunu yazır. 

Doğrudan da, eyni taleyi yaşayanlar eyni cür düşünür... 

Nərgiz gəncliyin öndə gedənlərindən idi. Elə bir tədbir, aksiya, mitinq olmazdı ki, Nərgizsiz keçsin... 

Amma bu gündən Nərgiz yoxdur, bizi tərk edib, sadəcə, şəkilləri, mitinqdəki çıxışları və mübarizəsi ilə yaddaşlardadır. Onun xalqını azad görmək arzusu kimi, ana olmaq arzusu da gözündə qaldı. 

Bundan sonra çoxlu mitinqlər də olacaq, aksiyalar da, çoxları həbs də ediləcək, əfv də... Bu xalq azadlığına da qovuşacaq, amma Nərgiz bunları görməyəcək... O artıq yoxdur və olmayacaq. Onu yaşatmaq isə yalnız və yalnız bizim vicdanımıza qalıb... 

Nərgizdən bizə bir də adaşı Nərgiz gülü qalıb. 

Bu gülü sevək, yaşadaq, gəncliyin azadlıq simvoluna çevirək. Çünki Nərgizsiz bahar da, oyanış da mənasızdır...

Azadlıq gülü olmaq isə həm də Nərgizin haqqıdır və bu, onun ruhunu hər zaman sevindirəcək...

Arqument.az