26 iyun - Azərbaycan Silahlı Qüvvələri günüdür. Qaynarinfo.az xəbər verir ki, bu günlərdə ordumuzla bağlı müxtəlif tədbirlər keçirilir.
Bu tədbirlərin davamı olaraq 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Goranboy rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə yollanıb. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə yollanıb, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Başçı bildirib ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut edib: "Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklik".
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim edib. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulanıb. Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub. Əməkdar artist Zakir Əliyev, gənc muğam ifaçısı Tural Salmanov, meyxana ustası Namiq Məna, Qala qrupu və klarnet ifaçısı Zahid Qubadlının ifaları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanıb. Hərbi hissə tərəfindən incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirıb.
Qaynarinfo.az




















