Dünya 16:47 23.11.2023

Netanyahu MOSSAD-a HƏMAS liderlərini məhv etməyi əmr etdi

İsrailin baş naziri Benyamin Netanyahu MOSSAD kəşfiyyat xidmətinə HƏMAS liderlərinin izinə düşərək onları məhv etməyi əmr edib.

Qaynarinfo bu barədə "The Jerusalem Post"a istinadən xəbər verir.

"Mən MOSSAD-a HƏMAS liderlərinə qarşı olduqları yerdə hərəkət etməyi tapşırmışam”, deyə baş nazir bildirib. 

Netanyahu eyham edib ki, İsrail kəşfiyyatı Qəzza zolağından kənarda, xüsusən də Qətərdəki HƏMAS liderlərini hədəfə ala bilər. Eyni zamanda, baş nazir İsrailin humanitar fasilələr zamanı HƏMAS liderlərini aradan götürməyə çalışacağı, yoxsa onun bitməsini gözləyəcəyi barədə birbaşa cavab verməkdən yayınıb.

Xatırladaq ki, MOSSAD dünyanın ən nüfuzlu və güclü kəşfiyyat orqanlarından biri hesab olunurdu. Bununla belə, HƏMAS-ın hücumundan sonra İsrail kəşfiyyatı tənqid atəşinə tutulub. Netanyahu oktyabrda MOSSAD liderlərini ittiham edib, lakin sonra sözlərini geri götürüb.

Nizami Bağırov