"Hazırda Ermənistanda
təkcə siyasi qüvvələrin konfiqurasiyası deyil, həmçinin ordu strukturlarının vəziyyətilə
bağlı kritik problemlər meydana gəlib. Ancaq istənilən dəyişiklik nizamlanma
prosesindəki situasiyanı daha da dalana dirəyə bilər. Buna səbəb qərbyönümlü
Paşinyanın əvəzinə hakimiyyətə gələ biləcək qüvvələrin mövqeyidir."
Bu fikirlər Rusiyanın
məşhur "Nezavisimaya Qazeta” dərgisində Ermənistanda yaranmış siyasi və hərbi
böhrana həsr olunmuş məqalədə yer alıb. "Elitaların davası İrəvanın siyasətini
radikallaşdırır” başlıqlı məqalədə deyilir ki, hazırda Ermənistanda vəziyyət
olduqca gərgindir: "Hazırda Ermənistandan həyəcanlı siqnallar gəlir. Ermənistan
hərbi qüvvələrində yenə də pərakəndəlik və dezertirlik müşahidə olunur.”
Qəzet yazır ki, erməni
hərbi birləşmələrindəki acınacaqlı durumu Paşinyanın son müraciəti də təsdiqləyir:
"Hökumət başçısının çıxışları da bunu təsdiq edir: "Əlbəttə, müharibədə plov
paylamırlar, müharibə xaos yaradır, ancaq hər kəs bilməlidir ki, döyüş
meydanından qaçanı cəzalandırmaq lazımdır və buna heç cür haqq qazandırıla bilməz”,
- deyə Paşinyan oktyabrın 26-da bildirib. Həmçinin, Dağlıq Qarabağın (Qondarma
rejim nəzərdə tutulur-red.) müdafiə naziri Cəlal Arutunyan da daxil olmaqla,
yüksək rütbəli erməni hərbçilərinin sıradan çıxarılması halları çoxalıb.”
Qəzet qeyd edir ki,
erməni tərəfinin rəsmi versiyasına görə, C.Arutunyan yaralanıb... Ancaq onun
içində olduğu avtomobilin vurulmasına dair görüntülər Arutunyanın məhv olduğunu
deməyə əsas verir.
Məqalədə göstərilir
ki, cəbhədə yaranan durum sayəsində Ermənistanda iki il əvvəl itirdiyi
mövqeyini bərpa etmək istəyən "Qarabağ klanı”nın "ikinci nəfəsi” açılıb: "Erməni
siyasi elitasındakı "Qarabağ klanı”nın ikinci nəfəsi açılıb. Sözsüz ki, bu qüvvəyə
stavka edilməsi heç də Qarabağda hərbi qələbə əldə edilməsi ümidi ilə bağlı
deyil. Ancaq müəyyən ümidlər var ki, "Qarabağ klanı”nın hakimiyyətə gəlməsi
guya Rusiyanın İrəvana yardımını intensivləşdirə bilər.”
Məqalədə həmçinin
olduqca maraqlı və sensasiya hesab ediləcək informasiya yer alıb. Söhbət
Qarabağ ermənilərinin Azərbaycana Ermənistan hərbi birləşmələrinin mövqelərilə
bağlı informasiya ötürməsinə dair məlumatdan gedir: "Təəccüblü deyil ki, baş
verənlərin fonunda Qarabağ ermənilərinin Azərbaycana bir sıra hərbi obyektlər
barədə məlumat sızdırmasına və bununla da Paşinyanın nüfuzunun minimuma
endirilməsi məqsədinə dair söhbətlər çoxalıb. Şuşadakı məktəblərdən birinə
endirilən zərbə də bununla əlaqələndirilir. Belə ki, orada «Qarabağdakı sui-qəsdçilərin
yuvalarına” İrəvanın tam nəzarətini həyata keçirməli olan polis işçiləri yerləşdirilmişdi.”
Bu məlumatdan belə
aydın olur ki, Paşinyan hökuməti qondarma rejimdəki əleyhdarlarına nəzarət etmək
üçün Şuşaya xüsusi polis dəstəsi göndərib və həmin dəstə məktəbdə yerləşdirilib.
Azərbaycan ordusu isə, qəzetin bildirdiyinə görə, Qarabağ ermənilərinin verdikləri
koordinatlar sayəsində bu dəstəni məhv edib.
Bu, bir tərəfdən ermənilərin
hakimiyyət uğrunda istənilən satqınlığa getmələrindən xəbər verirsə, digər
yandan da Ermənistanın öz hərbçilərini və güc strukturlarını bilərəkdən məktəblərdə
və digər mülki obyektlərdə yerləşdirməsini təsdiqləyir. Və sonradan bu obyektlərin
vurulmasını isə guya mülki hədəflərin vurulmasına dair dezinformasiya yaymaq, təbliğat
aparmaq üçün istifadə edir.
Rusiya dərgisi hesab
edir ki, Ermənistanda hakimiyyətə yenidən "Qarabağ klanı” gələrsə, bu, Qarabağ
münaqişəsininsülh yolu ilə həllini daha da çətinləşdirəcək: "Ermənistanda
hakimiyyətə "Qarabağ ultramillətçiləri” gələrsə, bu, münaqişənin həllinin növbəti
dalana dirənməsi anlamı daşıyacaq. Bakıda keçmiş prezidentlər Sarqsyanı və Köçəryanı
hərbi cani hesab edirlər. Köçəryan öz kitabında Qarabağdakı Sovet hərbi birləşmələrinə
və zabitlərinə qarşı terror aktlarını və özünün bu aktlarda iştirakını açıq şəkildə
qələmə alıb.”
Qəzet hesab edir ki,
"Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gəlməsi rəsmi Moskvanın maraqları
üçün risq yaradır: "Çətin ki, İrəvanda siyasi elitanın dəyişməsi regionu sakitləşdirə.
Bu, regionu daha da qeyri-stabil zonaya çevirər və hətta Rusiyanın maraqlarına
risq yaradar. Ermənistanın danışıqlar prosesini mütəmadi olaraq pozmasından təngə
gələn Rusiya rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Rusiya üçün eyni dərəcədə
tərəfdaş olan Ermənistanın və Azərbaycanın öz aralarında bu münaqişənin birdəfəlik
həllinə imkan yaransın. Və bununla da Qarabağın statusu məsələsinə birdəfəlik
nöqtə qoyulsun. Yalnız bunun əsasında Rusiya tərəfi Cənubi Qafqazda, hətta daha
geniş mənada – Türkiyə və İranın cəlb olunmasıyla siyasi və iqtisadi layihələrin
hərtərəfli icrasında iştirakı barədə düşünə bilər.”
Göründüyü kimi, kifayət
qədər obyektiv və birmənalı mövqe sərgiləyən bu tanınmış Rusiya dərgisi, əslində
regionun inkişafını uzun illər tormozlayan və nəticədə Moskvanın özünün də
buradakı iqtisadi və siyasi layihələrdə iştirakını əngəlləyən Dağlıq Qarabağ
probleminin birdəfəlik həllində maraqlı olduğunu iddia edir.
Əslində, doğrudan da
Rusiyanın son zamanlar Türkiyə ilə bir çox sahələrdə əməkdaşılıq etməsi, ortaq
layihələrə imza atmasının fonunda regionu daim gərginlikdə saxlayan cılız,
lakin iddiaları başından böyük Ermənistanın elə rəsmi Moskva üçün də artıq yükə
çevrildiyi və onu bezdirdiyi göz önündədir. Özü də bunu təkcə "Nezavisimaya
Qazeta” deyil, ermənilərin əlində alətə çevrilməmiş bir çox tanınmış rusiyalı
ekspertlər də deyir. /Azpolitika.info
Şərhlər