Xəbər lenti

NİDA-çının atası həbsxanada oğlu ilə görüşüb
Ölkə12:00 07.07.2015

NİDA-çının atası həbsxanada oğlu ilə görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

13 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “NİDA” hərəkatının üzvü İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə iyulun 7-də oğlu ilə görüşüb.

O, modern.az saytına deyib ki, oğlunun səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur: “İlkinin əhval-ruhiyyəsi yüksəkdir. Əvvəllər bədənində allergiya var idi. Problem yavaş-yavaş həll olunub. Bütün dərmanlarını müəssisə özü verir”.

Bakir Rüstəmzadə əfv sərəncamının imzalanmasını səbirsizliklə gözlədiklərini deyib: “Kim istəməz ki, əfv olsun?! Ümidimiz Allaha və prezidentin sərəncamına qalır.

Görüş əsnasında heç bir neqativ halla qarşılaşmadıq. İlkinə ancaq yemək və pul aparırıq. Bunlar da qanunla qadağan deyil”.

2013-cü ilin martında tutulan, Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. O vaxt 8 “Nida”çı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 16-da Bakı Apelyasiya Məhkəməsi “Nida”çı gənclər haqda hökmü qüvvədə saxlayıb.

Prezident İlham Əliyevin 2014-cü il dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə Zaur Qurbanlı və Üzeyir Məmmədi azadlığa çıxıb. Bəxtiyar Quliyev (o, həbsdə olarkən “Nida”dan çıxıb) və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə 2014-cü il oktyabrın 18-də azad olunublar.

Qaynar.info