
2016-cı ilin ilk 7 ayında Azərbaycanın qeydiyyat şöbələrində 35,4 min nikah və 7,4 min boşanma halı qeydə alınıb. Bu isə hər beş nikah quran ailənin birində boşanma halının olmasını göstərir.
Statistik rəqəmlər həyəcan təbili çalır. Bəs, bunun qarşısını almaq üçün nə etmək olar?

Psixoloq Vəfa Əkbər Qaynarinfo.Az-a açıqlamasında ailələrin boşanma səbəblərini açıqladı. Ekspert nikahdan öncə tibbi müayinəyə psixoloji durumun yoxlanmasının zəruriliyini xüsusi vurğuladı:
"Boşanma hallarının sürətlə artması artıq bir neçə ildir müşahidə olunur. Yalnış seçim, valideynlərin təzyiqi altında ailə quran insanlar bu günümüzdə də var. Valideynlərin yeni ailə quran cütlüklərə təsiri və təzyiqi bəzən iki fərd bir-birilə yola getməsinə baxmayaraq, boşanmaya səbəb olur. Son zamanlar sevən insanların boşanma halı təəccüblə qarşılanır. Bu sevginin yalnış qəbul olunmasından irəli gəlir. Çünki sevgi dedikləri ehtirasdır. Qız uşağı heç kəslə ünsiyyət qura bilməz və digər bu kimi mental dəyərlərin təsiri nəticəsində ailə quran qızlar ilk tanış olduğu insana sevgi adı verib ehtirasın altında evlənməyə qərar verirlər. Daha sonra xasiyyətin tutmaması və digər səbəblər boşanmaya gətirib çıxarır".
Psixoloqun fikirincə, amma bu problemdən də çıxış yolları var:"Nikaha girmək istəyənlər tibbi müayinədən keçərkən mütləq psixoloji durumları da yoxlanılmalıdır. Bədən sağlam ola bilər, ancaq psixoloji durum mövcud vəziyyəti dəyişə bilər. Əgər istəyiriksə, indiki qurulan ailələr daha möhkəm olsun və sağlam övladlar yetişdirsin, o zaman sağlamlıq haqqında qəbul olunmuş qərara dəyişiklik edib psixi durumun yoxlanması da əlavə olunmalıdır. Bu qərarın artıq zamanıdır, bəlkə də bir az da gecikdirilib. Çünki statistik göstəricilər faciəni əks etdirir. 7 min boşanma halı 14 min insanın acı taleyinin göstəricisidir".
Pərvin Zeynal
Qaynarinfo.Az