Sabunçu rayonundakı 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev birinci məhkəməsində həbs edilib.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar qəbul edilib.
Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası qərarını belə əsaslandırıb ki, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan notarius dəymiş ziyanı ödəmir. Bu hal qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas sayılıb. Qərara əsasən S.Əliyev məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.
Əsas iclas avqustun 6-sı keçiriləcək.
Qeyd edək ki, Səbuhi Əliyev Ədliyyə Nazirliyinin müraciəti ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə ilk məlumatı da "Qafqazinfo” yaymışdı.
44 yaşlı S. Əliyev 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, hüquqşünas alimdir. Verilmiş ittiham təsdiqini tapsa onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.
Şərhlər