Xəbər lenti

Novruz bayramında əfv gözlənilirmi?
Ölkə10:20 09.02.2015

Novruz bayramında əfv gözlənilirmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsan Haqları üzrə Birgə İşçi Qrupu bu istiqamətdə fəaliyyətini davam etdirir; Bu quruma məhbuslar tərəfindən çoxlu sayda müraciətlər olunub.

Mirvari Qəhrəmanlı: “Əfvin olması üçün çalışırıq”

Mart ayı yaxınlaşdıqca, növbəti əfv sərəncamının verilə biləcəyi barədə xəbərlər dolaşır. Hətta bu sərəncamın əvvəlkilərdən daha fərqli və geniş olacağı ilə bağlı da ümidləri var. Siyasi motivlərə görə həbsdə olduqları bildirilən məhbusların yaxınlarının da Novruz bayramından gözləntiləri var.

Artıq bəzi siyasi təşkilatlar yeni məhbus siyahıları hazırlayırlar. Bu sahədə ən ciddi iş görən qurumlardan biri də İnsan Haqları üzrə Birgə İşçi Qrupudur. Bu qurumun Yeni ildə Əfv Komissiyasına təqdim etdiyi 27 nəfərlik siyahıdan 10 siyasi məhbus azadlığa qovuşmuşdu. Gözlənildiyi kimi olmasa da, hər halda bunu da uğur saymaq olar. Məhz bu qurumun iki aylıq fəaliyyəti nəticəsində 10 nəfər siyasi məhbus azadlığa çıxdı. 

İşçi Qrupunun hazırda gördüyü işlərlə bağlı qurumun üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə söhbət etdik. Hüquq müdafiəçisi bu il iki dəfə toplaşdıqlarını bildirdi: “Yeni ildən sonra iki dəfə görüşmüşük. İşçi Qrupunun yox, quruma daxil olan QHT-lərın iştirakı ilə... Görüşdə ölkəmizdə olan insan haqları üzrə problemlər müzakirə edilib. Gündəlik tərtib olunub. Həmin gündəliyi müzakirə üçün qarşı tərəfə vermişik. Ümumiyyətlə, son bir ayda çoxlu müzakirələrimiz olub. Ötən ildə olanları və mövcud durumu ciddi analiz etmişik. Hansı məsələləri müzakirə etmək lazımdırsa, hazırlayıb qarşı tərəfə təqdim etmişik”.

Mirvari Qəhrəmanlı Novruz bayramı ilə əlaqədar veriləcək əfv sərəncamı ehtimallarından da söz açdı: “Bildiyimiz kimi, keçən əfvdə biz öz siyahımızı təqdim etmişdik. Əfvdən sonra öz fikirlərimizi dedik. Azadlığa çıxanlarla bağlı fikirlərimiz oldu. Çox sevindik. Bizi sadəcə, narahat edən o oldu ki, az sayda siyasi məhbus azad edildi. Yəni ki, məsələlərini qaldırdığımız məhbuslardan az bir hissəsi əfvə düşdü. Bütün insanlar kimi biz də istəyirik ki, geniş əfv olsun. Siyasi məhbuslarımız azadlığa çıxsınlar. Sadəcə olaraq, kimlərin əfv edilməsi İşçi Qrupundan asılı deyil. Hər şey Prezidentin qərarından asılıdır. Yenə əfvin olması üçün çalışırıq. Növbəti iclasımızda təbii ki, bu istiqamət üzrə müzakirələr aparacağıq. İndidən əfvin olub-olmayacağını deyə bilmərik”.

Hüquq müdafiəçisi məhbuslar və onların yaxınları tərəfindən İşçi Qrupuna çoxlu sayda müraciətlərin daxil olduğunu da qeyd etdi: “İşçi Qrupunda ümumi katiblik var. Katibliyə, hüquq müdafiəçilərinə və bizə də çoxlu sayda müraciətlər edilir. Hamısını İşçi Qrupunun katibliyinə vermişik. Təkcə siyasi məhbuslar tərəfindən müraciətlər olmur. Elə məhbuslar var ki, hesab edirlər, ədalətsiz həbs olunublar. Bizə müraciətlər edən siyasi məhbusların adlarını demək düzgün olmazdı. Çoxlarının hazırda məhkəmə prosesləri davam edir. Onların, o cümlədən, İntiqam Əliyev, Rəsul Cəfərov və başqalarının ev dustaqlığına buraxılmaları ilə əlaqədar müraciətlərimiz olub. Vaxt etdikcə, işləri qaldırırıq. Ən çox xəstə məhbusların məsələsini gündəmə gətiririk. Təbii ki, başqa məhbuslara da xüsusi diqqət ayırırıq. İndidən hansısa bir siyahı barədə danışmaq düzgün olmazdı. Biz heç kəsə ayrı-seçkilik etmirik. Hamının məsələsini qaldırırıq. Leyla Yunusla bağlı çoxlu sayda görüşlər keçirdik. Bu məsələ daim diqqətimizdədir. Tez-tez Əfv Komissiyasına daxil olan qurumlarla görüşürük. Sadəcə, ictimaiyyətə açıqlamağa ehtiyac duyulmur. Bu, görülən iş, fəaliyyətdir. Bizə verilən vaxtdan səmərəli istifadə etməyə çalışırıq. Bundan sonra da günahsız yerə həbsxanalarda cəza çəkən məhbusların azadlığa çıxmaları üçün nə mümkündürsə, onu etməyə çalışacağıq”. //musavat.com

Qaynar.info