
Nazir müavini ilə gömrük şefinin qürub çağları “Naxçıvan klanı”nın təhsil sistemində sonuncu yüksək vəzifəlisi Qulu Novruzov və Bakı Gömrüyünün rəisi Vüsal Novruzovun vurulmasının sirri: yüksək post tutan əmioğlanları bir neçə səbəbdən hədəfdədir
Yeni təhsil naziri Mikayıl Cabbarov nazirliyi köhnələrdən təmizləməkdə davam edir. Bu istiqamətdə bir sıra ciddi addımlar atan M.Cabbarov idarə rəisləri və şöbə müdirlərini dəyişməklə kifayətlənmək fikrində deyil. Onun təhsil nazirinin müavini Qulu Novruzova istefa ərizəsi yazdırması haqda yayılan xəbərlərlə bağlı yeni məlumatlar əldə etmişik. Həmin məlumatlardan belə anlaşılır ki, Q.Novruzovun vəzifəsindən uzaqlaşdırılmasını bir neçə məqam labüd edir.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, M.Cabbarovun Təhsil Nazirliyini köhnə kadrlardan və Misir Mərdanovun adamlarından təmizləmək niyyəti ortadadır. Təbii ki, yeni nazir özünün kadrları ilə işləməyi daha münasib bilir və əslində bu da doğru nəzərdir.
Digər məqam isə M.Cabbarovun bağlı olduğu hakimiyyət klanının Q.Novruzovun mənsub olduğu “Naxçıvan klanı” kimi tanınan qruplaşmaya qarşı olmasıdır. M. Cabbarovun bağlı olduğu klan mümkün qədər “Naxçıvan klanı”nı zəiflətmək və tədricən səhnədən çıxarmaq istəyir. Əslən Nehrəmdən olan Q.Novruzov demək olar ki, “Naxçıvan klanı”nın təhsil sistemində yüksək vəzifə tutan sonuncu nümayəndələrindən idi. Faktiki olaraq, onu bu postunda saxlatdıra biləcək elə bir dayağı yoxdur. Q. Novruzovun vurulmasının əsas səbəblərindən biri də bu prosesdir.
Q.Novruzova 2011-ci ilin sentyabr ayınadək nazirliyin beynəlxalq əlaqələr idarəsinin rəisi olub. 2011-ci il sentyabrın 14-də yeni tədris ilinin başlamasına 1 gün qalmış o zamankı nazir Misir Mərdanovun 3 müavini – İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova işdən çıxarıldılar. Bundan bir müddət sonra Q.Novruzov nazir müavini təyin olundu.
M.Mərdanovun nazir postu ilə vidalaşması ilə Q.Novruzovun da qürub çağları başladı.
Aldığımız məlumatlara əsaslanaraq, bura qədər yazdıqlarımız daha çox təhsil sahəsində baş verən dəyişiklikləri əhatə edir. Amma Q.Novruzovun vurulması təkcə yeni nazirin köhnə komandanın üzvləri ilə işləmək istəməməsi, yaxud müavininin təmsil olunduğu klanın sıxışdırılması ilə bağlı deyil.
Q.Novruzov və onun yüksək vəzifə tutan çox yaxın qohumları ilə bağlı hakimiyyətin üst qatlarında mənfi fikir formalaşıb.
Q.Novruzovun əmisi oğlu Vüsal Novruzov Bakı Baş Gömrük İdarəsinin rəisidi. Uzun illərdir bu strateji postu tutan V. Novruzov hakimiyyətin ən çox tənqid olunan məmurlarından biridir. Onun rəhbərlik etdiyi idarənin isə korrupsiyanın ən çox tüğyan etdiyi dövlət qurumlarından biri olduğu hər kəs tərəfindən iddia edilir. Vaxtaşırı bu idarənin qanunsuzluqları ilə bağlı şikayətlər olur və ciddi faktlar üzə çıxır. Ancaq V. Novruzov çətirinin altında olduğu qüvvələrin sayəsində problemlərini həll edir. İndi isə xeyli vaxtdır arxasındakı qüvvələrin ondan imtina etməsi, V. Novruzovun birbaşa hədəfdə olması barədə məlumatlar var. Faktiki olaraq, onun vəziyyətinin heç də əmisi oğlu Q. Novruzovun vəziyyətindən yaxşı olmadığı bildirilir. Bu baxımdan V.Novruzovun da öz vəzifə kreslosundan düşürüləcəyi istisna deyil. Onun postu o dərəcədə gəlirli və stratejidir ki, heç şübhəsiz, iqtidarın 2-ci soyadı belə bir vəzifənin onların nəzarətində olmamasına sonsuza qədər dözə bilməz. Ümumiyyətlə, indi “Bakı klanı”nın yaxın vədəli strategiyasında gömrük və prokurorluq sisteminə nəzarəti ələ almaq prioritet məsələdir. Vüqar Novruzov həm də bu səbəbdən açıq hədəfə çevrilib. Ölkənin ən fövqəladə nazirinin ən yaxınlarından olması da cənab Novruzovu bəd sonluqdan qoruya bilmir.
Bundan başqa, Novruzovların yüksək post tutan digər qohumları da var və onların da qara siyahıya düşdükləri iddia olunur. V.Novruzovun atası Zeynal Novruzov isə uzun illər Naxçıvanda rabitə sahəsinə rəhbərlik edib. İndi isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin tikinti sahəsi üzrə baş direktorunun müşaviri, “Aztelekom”İB-nin Ağsaqqallar Şurasının sədridir.
Hazırda bu soyadı daşıyan yüksək vəzifəli şəxslər hakimiyyətin qara siyahısına düşüblər və çoxları onların aqibətinin heç də yaxşı olmayacağına şübhə etmir./"Yeni Müsavat"/