Xəbər lenti

Novxanı və Masazırda "ölüm quyuları" - FOTOLAR
Ölkə08:56 21.07.2016

Novxanı və Masazırda "ölüm quyuları" - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Novxanıda, duz gölünün kənarında salınan yeni yaşayış massivlərində kanalizasiya sisteminin olmaması vətəndaşları ciddi problemlə üz-üzə qoyub. 

"Qaynarinfo.Az" verdiyi xəbərə görə, bu barədə politika.az-ın dərc etdiyi məqalədə bildirilir.

Məqalədə bildirlir ki, kanalizasiya xətti olmadığı üçün vətəndaşlar çirkab suları evlərinin ön və arxa hissəsində qazdırdıqları xüsusi quyulara buraxır ki, bu da antisanitariya vəziyyətinin formalaşması ilə yanaşı, vətəndaşların həyatı üçün də bilavasitə təhlükə yaradır. Belə ki, dərinliyi 3-4 metrə çatan və ağzına qədər çirkab sularla dolu quyular həm vətəndaşların, həm də avtomobillərin ora düşməsi riskini yaradır ki, bu da azyaşlı uşaqlar və qocalar üçün xüsusilə təhlükəlidir.

Məlum problemlə əlaqədar olaraq kənd sakinləri dəfələrlə icra hakimiyyəti və kənd bələdiyyəsində olsalar da, heç bir dövlət qurumu problemin həlli istiqamətində praktiki addım atmayıb. Belə ki, icra hakimiyyəti problemi Novxanı bələdiyyəsinin həll etməli olduğunu vurğulasa da, bələdiyyə büdcəsində gərəkli vəsaitin olmamasını əsas gətirərək problemin həllindən boyun qaçırır.

Bir sözlə, icra hakimiyyəti və bələdiyyənin ötür-ötür oyunu yüzlərlə insanın həyatını təhlükə altında qoyub. Yaranmış bu vəziyyətlə bağlı isə vətəndaşların özündən başqa kiminsə narahat olması hələ ki, müşahidə edilmir.

DUZ GÖLÜ BÖHRANI və ya YEDİYİMİZ DUZ KANALİZASİYADAN ÇIXARILIR?


Ötən gün virtualorg.az saytında da Masazırla Novxanını ayıran duz gölünün kanalizasiya sularının son dayanacağına çevrilməsi haqqında dərc edilən reportaj da artq həyacan təbilinin çalmaq zamanı olduğunu gğöstərir.

Araşdırma zamanı məlum olub ki, Masazır qəsəbəsində, gölün qırağında tikilən “Qurtuluş” yaşayış kompleksinin və ətrafdakı fərdi evlərin kanalizasiya suları hazırda birbaşa həmin ərazidə duz çıxarılan gölə axıdılır. Bununla da “Azərsun Holding” şirkətinin bu gölün ətrafında duz çıxarmaq üçün tikib 2010-cu ildə istifadəyə verdiyi Masazır Duz Zavodunun məhsullarının keyfiyyəti sual altına düşür.

"Maraqlıdır ki, bu idbar mənzərə heç kimdən də gizlədilmir. Hər şey açıq şəkildə göz qabağındadır. Bunu o cümlədən Masazırdan keçməklə hər gün şəhərdən Novxanıdakı bağ evlərinə və geriyə gedib-gələn yüksək rütbəli məmurlar, səlahiyyətli şəxslər də görə bilərlər. Əgər istəsələr..." - deyə araşdırmada qeyd olunur.

Bir müddət əvvəl isə Qaynarinfo.Az saytında bir qrup Masazır sakininin şikayəti daxil olmuşdu. Qəsəbənin əsas yolunun qırağında ucaldılan "Qəsr" yaşayış kompleksindən narazılıq edən sakinlərin şikayət məktubunda bildirilirdi: "Masazırda kanalizasiya sistemi olmadığına görə onlar kanalizasiya borularını kəndin kustar üsullu kanalizasiyasına birləşdiriblər. Üstü açıq kanalizasiyaya birləşdirilən 3 binanın kanalizasiyası kəndin ekoloji durumuna çox ciddi təsir göstərmiş olacaq. Ən pisi isə budur ki həmin kanalizasiya suları Masazır duz gölünə axıdılır. Bu isə dövlət səviyyəsində mühafizə olunan Masazır duz gölünün çirkaba məruz qalması deməkdir".

Göründüyü kimi problem təsəvvür edildiyindən də ağır və ciddidir. Xüsusən yay aylarında bu cür antisanitariya vəziyyətinin doğura biləcəyi fəsadlar çox təhlükəli ola bilər.

Masazır və Novxanıda demək olar ki, hər gün yeni evlər tikilir, yeni məhəllələr salınır. Elə məhəllələr var ki, 20 ilə yaxındır salınıb və hələ də kanalizasiya sistemi yoxdur. Bu vəziyyətdə əhalini də qınamaq olmur. Kanalizasiya sistemi salınmırsa, onlar nə etməlidir?

Hələ 2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirmişdi ki, Masazır sürüşmə ərazisinə düşdüyü üçün, burada kanalizasiya sisteminin quraşdırılması vacibdir.

"Həmin ərazilərdə görülən tədbirlərin hamısı müvəqqəti xarakter daşıyır və ərazinin müəyyən müddətdə dayanıqlığını təmin edir: “Kanalizasiya sisteminin qurulması daimi dayanıqlığı təmin edir. Ona görə də həmin ərazidə kanalizasiya sistemi qurulmadan stabillik haqqında tam danışmaq olmaz".

Amma təəssüf ki, illər keçir, Abşeron ərazisində yolların hasarlanması kimi ikinci dərəcəli işlərə milyonlarla manat vəsait xərclənir, amma kanalizasiya sistemi üçün pul "tapılmır".

Ümid edirik ki, Abşeron rayon icra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova bu problemlərin həlli üçün ən qısa zamanda hərəkətə keçəcək və bu "ölüm quyu"larının sabah daha böyük fəsadlara yol açmasının qarşısını indidən alacaq.

Qaynarinfo.Az