Xəbər lenti

Nümayəndəlik institunun həzin sonu
Ölkə08:05 09.03.2023

Nümayəndəlik institunun həzin sonu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2017-ci ilin sonunda AR Mülkü və İnzibati Prosessual Məcəllələrinə, həmçinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna Ali Məhkəmənin sədri tərəfindən təklif edilən dəyişikliklər Milli Məclis tərəfindən qəbul edildi və ölkədə nümayəndəlik institutu məhdudlaşdırıldı. Beləliklə də vətəndaşların məhkəmədə nümayəndə vasitəsilə təmsil olunması məhdudlaşdırıldı. İndi şəxsi məhkəmədə yalnız vəkillər kollegiyasının üzvləri və ya qanuni nümayəndələri təmsil edə bilərlər. Qanuni nümayəndələr haqqında bir qədər sonra... 
Nümayəndəlik institunun məhdudlaşdırılmasında məqsəd ölkədə vəkillik institutunun möhkəmləndirilməsi və inkişaf etdirilməsi idi. Ardıcıl olaraq kollegiya üzvlüyünə qəbulla bağlı imtahanlar keçirilir və bununla da son illər kollegiya üzvlərinin sayı əhəmiyyətli dərəcədə artır. Bu hal təbii ki, təqdirəlayiqdir.
Lakin bir çox ölkələrdə nümayəndəlik institutu vəkillik institutu ilə paralel şəkildə fəaliyyət göstərir. Misal üçün, Rusiyada yalnız hüquqşünasların nümayəndə qismində vətəndaşları məhkəmədə təmsil etmələrinə icazə verilir. Müzakirələr zamanı Rusiya modelinin tətbiq edilməsi barədə də təkliflər var idi. Amma bu təkliflər nəzərə alınmadı. Rusiyada hüquqşünas vergi orqanında qeydiyyatdan keçir, məhkəməyə vətəndaşın ona notarial qaydada vermiş olduğu etibarnamə ilə yanaşı həmçinin onun vergi orqanında qeydiyyatda olduğunu təsdiqləyən sənədi də təqdim edir. Bu praktik hüquqşünasların vergidən yayınma hallarının qarşısının alınmasına yönəlmiş bir mexanizmdir. Ölkəmizdə bununla bağlı vəziyyət həqiqətən də ürəkaçan deyildi: yəni nümayəndə olaraq fəaliyyət göstərən istər hüquqşünas olsun, istərsə də qeyri ixtisas sahibi, əksəriyyəti vergidən yayınırdı, bu da bir həqiqətdir.
Nümayəndəlik institutunun məhdudlaşdırılması ilk növbədə aztəminatlı ailələrin hüquqi yardım almaq imkanlarını əvvəlki illərlə müqayisədə azaldıb. Çünki əvvəllər nümayəndə qismində çıxış edən şəxslər, ayrı-ayrı ictimai təşkilatlarla əməkdaşlıq edən hüquqşünaslar əhalinin aztəminatlı təbəqəsinə hüquqi yardım göstərilməsi işini həyata keçirirdilər. Birincilər bununla bağlı müəyyən xidmət haqqı alsalar da, ikincilər, yəni ictimai təşkilatlarla əməkdaşlıq çərçivəsində bu işləri həyata keçirən hüquqşünaslar vətəndaşdan heç bir ödəniş tələb etmirdilər, onlar ictimai təşkilatlarla bağladıqları müqaviləyə əsasən müəyyən olunmuş əmək haqqı alırdılar. Nümayəndəlik institutu məhdudlaşdırıldıqdan sonra bu imkanlar tarixə qovuşdu.
Yuxarıda qeyd etmişdik ki, qanuni nümayəndələr haqqında bir qədər sonra danışacağıq. Qanunvericilikdə ehtiva edilən qanuni nümayəndələr kimlərdir? Ata, ana, bacı və qardaşlar. Yəni birinci dərəcəli qohumlar. O zaman belə bir kazus düşünək: şəxs ailənin tək övladıdır; işlə əlaqədar olaraq, yaxud təhsil almaqla bağlı ölkə xaricində yaşayır; ona qarşı mülki iddia irəli sürülüb; vəkil tutmaq imkanı yoxdur; atası və anası vəfat edib. Bu zaman sual olunur: Əgər şəxs vəkil tutmaq üçün kifayət qədər maddi imkanlara malik deyilsə, bu zaman onu məhkəmədə daha kimlər, hansı qohumlar təmsil edə bilər? Qanunverici bu məqamı gözdən qaçırıb. Bu bir daha onu göstərir ki, nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı qərar tələsik verilmiş bir qərar idi.
Həsən Həsənov