44 günlük Vətən müharibəsi zamanı sosial şəbəkədə yazdığı statusa görə UEFA tərəfindən cəzalandırılan "Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun məsələsi hələ də uzanır. Onun məhkəmə prosesi bir neçə dəfə təxirə salınsa da, həmkarımız mübarizəsini davam etdirir və ədalətin bir gün öz yerini tapacağına inamı böyükdür. Sonuncu dəfə onun məhkəməsi iyulun 7-nə təyin olunsa da, yenə təxirə salınıb. Uzun müddətdir haqsız şəkildə futboldan uzaq qalan İbrahimovla əlaqə saxlayıb hazırkı durumu ilə maraqlandıq.
O, Qaynarinfo-ya açıqlamasında adətən təxirəsalma ilə bağlı 10 gün əvvəlcədən xəbərdarlıq edildiyini bildirib:
"Artıq 5-ci dəfədir məhkəmə prosesi keçirilmir. Bu dəfə iyulun 7-nə təyin olunsa da, yenə baş tutmadı. Vəkilimizin sorğusundan sonra bildirdilər ki, proses avqustun 11-nə təxirə salınıb. Verilən cəzanın hüquqi əsası olmadığını hər kəs bilir. UEFA baş verən prosesdən sonra mənə apelyasiya şikayəti etmək şansı belə verməmişdi. Bu şansı əlimdən almışdı. Ancaq İdman Arbitraj Məhkəməsi (CAS) apelyasiya hüququm olmadan mənim məsələmə baxmağı öz üzərinə götürdü. Normal şərtlərdə UEFA apelyasiya hüququ verməsə, sən CAS-a müraciət edə bilməzsən. CAS da məhkəməni 6-cı dəfə təxirə saldı. Bu bir daha onu göstərir ki, verilən qərar hüquqi deyil. Vəziyyətin bura qədər gəlməsində Azərbaycan xalqının, media mənsublarının dəstəyi də oldu. Siz də sağ olun ki, unutmursunuz. Vəkilim Fərid Haqverdiyev il yarımdan çoxdur ki, mənə təmənnasız dəstək göstərir. Söhbət "Qarabağ”ın əməkdaşından getmir. Bir Azərbaycan vətəndaşı olaraq bunların heç birini unutmaram. Bu, çox böyük prosesdir. Vəkilin fədakarlığı, insanların dəstəyi sayəsində bu səviyyəyə gəlmişik. Söhbət təkcə Nurlandan getmir. Başqası da ola bilərdi. Hamı bunun hüquqi cəza olmadığını anlayır. Heç bir əsası yoxdur. UEFA-nın belə qərarı niyə çıxardığını, nəzarətə götürdüyünü hər kəs bilir. Hamı bilir ki, bu, Ermənistan Futbol Federasiyasının şikayəti əsasında olub”.
İbrahimov avqustda təxirə salınmış məhkəmənin keçirilib-keçirilməsi prosesi ilə bağlı nə gözlədikləri haqda suala belə cavab verdi:
"Daha qlobal məsələlər var ki, məhkəmə prosesi uzana bilir. Buna tərəflərin qarşıdurması və sair kimi hallar səbəb olur. Ortada böyük pullar, klubların maraqları olanda məhkəmələrin uzanması məqamlarını görürük. Mənim məsələm tam başqadır. Burada birtərəfli qərar verilib. Hansı ki, UEFA özümü müdafiə etmək hüququ verməyib. CAS da nüfuzunu qoruyur. Bilirlər ki, verilən cəza yanlışdır. Bu məsələni anlamaq üçün dünyada bir çox vəkillərə müraciət etmişik. Hər kəs şoka düşmüşdü ki, bu, necə cəzadır. İlk hal olması nəzərə alınmadı. Hətta, daha ağır məsələlərdə belə cəza verilmir. Dünyanın fərqli nöqtələrindən olan vəkillərdən soruşulsa, bu cəzanın real olmadığını deyəcəklər. Durum bundan ibarətdir”.
Həmkarımız bütün çətinliklərə baxmayaraq, mübarizəsini davam etdirəcəyini deyir:
"Bir vətəndaş olaraq məqsədim, həm maddi, həm də mənəvi baxımdan çətinliklər olsa da, özümün, övladlarımın, məni tanıyanların qarşısında mübarizəni davam etdirməyi özümə borc bilirəm. Bu, məni tanıyıb anlayan insanlara vəfa borcumdur. Bu məsələdə yanımda olub-olmayanların heç birindən incimirəm. Hər kəsin öz vicdanına buraxıram. Dəfələrlə, demişəm, məqsədim vətəndaş olaraq mübarizə aparmaqdır. Sanki öldürülən bizim uşaqlar deyil kimi bir təəssürat yaranıb. Bəzən elə bir təəssürat formalaşdırırlar ki, sanki biz kimisə öldürmüşük. Heç kimi ittiham etmirəm, qınamıram. Bəzən deyirlər ki, bunun başını buraxım. Ancaq cavab verirəm ki, belə etsəm, gələcəkdə kiməsə xoş təsir bağışlamaya bilər. Söhbət təkcə mənim hər hansı bir cəza almağımdan getmir. Bir daha vurğulayım ki, bunu eşidənlər şoka düşürlər, anormallıq olduğunu deyirlər. Bu cəzanın siyasi məqsədlərə görə verilməsi hər kəsdə qıcıq yaradır. UEFA-dakı tanıdığım insanlar da inanmırlar buna və qərəzli olduğunu deyirlər. CAS-ın ədalətli qərar verəcəyinə inanıram. Bu qurumdan neqativ cavab gələcəyi halda İsveçrədə insan hüquqları məhkəməsi var. O qurum sırf idmana aid deyil. Ümumi insan hüquqları qurumudur”.
İbrahimov "Qarabağ”ın oyunlarını izlədiyini də bildirdi:
"Lex”lə ilk matça baxdım. Yaxşı təsir bağışladılar. Düşünürəm ki, hesab oyuna görə olmadı. Adətən ilk oyunlarda komandanın uyğunlaşma prosesi gedir, bu da vaxt alır. Nə qədər paradoksal olsa da, Polşa çempionu ilə oynadığımızı unutmamalıyıq. Sən güclülər səbətində yer alsan belə "Lex” Polşa çempionudur. "Qarabağ” uğurlarına görə daha güclü görünə bilər. Amma "Lex” də güclü rəqiblərini sıradan çıxararaq, mübarizədən qalib ayrılaraq çempion olur. "Qarabağ”ın yetərincə yaxşı şansları var. Əsas məsələ ələ düşən şanslardan maksimum yararlanmaqdır. Bunu edə bilsə, yaxşı nəticə qazanacaq. Son illərdə xatırlamıram ki, hansısa Azərbaycan komandasına Çempionlar Liqasının ilk təsnifat mərhələsində belə çətin rəqib düşsün. Bu turu keçsələr, İsveçrə çempionu ilə qarşılaşacaqlar. Məncə, "Lex”i keçsələr "Sürix” qarşısında daha rahat olacaqlar. Alınmasa belə, dünyanın sonu deyil. "Qarabağ” son illərdə ən yaxşı ilk tur oyunlarından birini keçirdi”.
Səbuhi Həsənov
Şərhlər